Baş nazir: Mövcud geosiyasi şəraitdə müdafiə qabiliyyətinin artırılması mühüm əhəmiyyət kəsb edir

Tarix: 13 Mar 2026 11:31

Mövcud geosiyasi şərait nəzərə alınaraq, müdafiə qabiliyyətinin artırılmasına ardıcıl diqqətin göstərilməsi olduqca mühüm əhəmiyyət kəsb edir.

APA xəbər verir ki, bunu Baş nazir Əli Əsədov “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nın təqdimatında bildirib.

Qeyd edilib ki, 2025-ci ilin dövlət büdcəsində də müdafiə və milli təhlükəsizlik xərcləri artırılıb: “Bu, ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün və milli təhlükəsizliyinin təmin olunmasının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu nümayiş etdirir. Bu məqsədlə 2025-ci ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə 8.1 milyard manat vəsait ayrılıb - 2024-cü illə müqayisədə 1.5 mlrd. manat və ya 23% çoxdur.

Ötən il 1,4 milyard manat dəyərində hərbi təyinatlı məhsul istehsal etmişik. Bu gün Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir. Mövcud geosiyasi şərait nəzərə alınaraq, əldə olunmuş nəticələrin qorunmasına, o cümlədən təhlükəsizliyin möhkəmləndirilməsinə, müdafiə qabiliyyətinin artırılmasına, sərhədlərin toxunulmazlığına, milli maraqların müdafiəsinə bundan sonra da ardıcıl diqqətin göstərilməsi olduqca mühüm əhəmiyyət kəsb edir”.

Firuzə Vahid Baş nazir Əli Əsədov Milli Məclis hesabat dövlət büdcəsi

Xəbər Lenti