COP27-nin prezidenti: 300 milyard dolların toplanması əsas çağırışdır

Tarix: 13 Mar 2026 12:20

Hazırda iqlim maliyyəsi üzrə 300 milyard dollarlıq hədəfin toplanması əsas çağırışdır.

APA xəbər verir ki, bunu Misirin sabiq xarici işlər naziri, COP27-nin prezidenti Sameh Şukri XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Danışıqların o tərəfində: COP-u canlı saxlamaq mübarizəsi” adlı panel müzakirəsində deyib.

"İqlim dəyişikliyi ilə mübarizədə Qlobal Şimal və Qlobal Cənub arasında maliyyə və məsuliyyət balansının təmin olunması vacibdir və iqlim maliyyəsi məsələsi beynəlxalq əməkdaşlığın əsas prioritetlərindən biri olaraq qalır", - o bildirib.

COP27-nin prezidenti vurğulayıb ki, iqlim gündəliyində əsas məsələ maliyyə resurslarının təmin edilməsidir.

O əlavə edib ki, bu məqsədlərə nail olmaq üçün yalnız hökumətlər deyil, həm də özəl sektor, maliyyə institutları və iqtisadi inkişaf tərəfdaşları prosesə aktiv şəkildə qoşulmalıdır.

Şukri qeyd edib ki, qlobal iqtisadiyyat hələ də böyük dərəcədə fosil yanacaqlardan asılıdır və bu amil enerji keçidi ilə bağlı proseslərə təsir göstərir. Onun sözlərinə görə, bərpa olunan enerji sahəsinə diqqət artsa da, dünya iqtisadiyyatı üçün ənənəvi enerji resursları hələ də mühüm rol oynayır.

Misirin sabiq xarici işlər naziri qeyd edib ki, iqlim dəyişikliklərinə qarşı mübarizədə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası prosesi qlobal səviyyədə ən effektiv platforma olaraq qalır və pandemiya, iqtisadi tənəzzül və geosiyasi gərginliklərə baxmayaraq, fəaliyyətini davam etdirir.

İlqar Xudiyev Bakı Qlobal Forumu Misir sabiq xarici işlər naziri Sameh Şukri COP27

Xəbər Lenti