Bakı Limanının əməliyyat göstəriciləri açıqlanıb

Tarix: 13 Mar 2026 12:50

Ötən il Bakı Beynəlxalq Dəniz Liman üzrə 2025-ci ildə ümumi yükaşırmanın həcmi 2024-cü ilə nisbətən 8,1% artaraq 8 192,2 min ton təşkil edib.

“APA-Economics” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

Hesabata əsasən, liman üzrə ümumi yükaşırmanın 5 587,1 min tonu və ya 68,2%-i tranzit yüklərin payına düşmüşdür. Qeyri-neft yükləri üzrə tranzit daşımaların həcmi 9,1% artaraq 4500 min ton təşkil edib.

“Hesabat ilində vaqon aşırılması 1,7% azalaraq 36,9 min ədəd təşkil edib. Vaqonların 22,9 min ədədi və ya 62,1%-i Bakı-Türkmənbaşı-Bakı, 14 min ədədi və ya 37,9%-i isə Bakı-Kurik/Aktau-Bakı istiqamətində hərəkət edib. İrihəcmli nəqliyyat vasitələrinin (TIR) sayı 2024-cü ilə nisbətən 2,9% artaraq 59,9 min ədəd təşkil edib, bu nəqliyyat vasitələrinin 34,4 min ədədi (57,4%-i) Bakı-Türkmənbaşı-Bakı, 25,5 min ədədi (42,6%-i) isə Bakı-Kurık-Bakı istiqamətində daşınıb”, - hesabatda bildirilir.

Qeyd olunur ki, hesabat dövründə konteynerlərin aşırılması TEU ekvivalentində 2024-cü illə müqayisədə 39,7% artaraq 107,2 min ədəd təşkil edib.

“2025-ci ildə Dübəndi Neft Terminalında xam neft və neft məhsullarının aşırılması 2024-cü ilə nisbətən 5,3% azalaraq ümumi həcmi 1,7 mln. ton olub. Ümumi Yük Terminalında 2025-ci ildə quru yüklərin aşırılmasında 2024-cü illə müqayisədə 37,8% artım olmuş və 1,44 mln. ton təşkil edib”, - sənəddə vuröulanır.

Emil İsmayılov Milli Məclisi Nazirlər Kabineti Bakı Limanı

Xəbər Lenti