WUF13 çərçivəsində “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə media-tur təşkil olunub - FOTO

Tarix: 16 Mar 2026 13:10

Martın 16-da BMT-nin Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə media-tur təşkil olunub.

APA-nın xəbərinə görə, turun məqsədinin Bakıda tullantıların idarə olunması sahəsində tətbiq edilən müasir yanaşmalar, təkrar emal prosesləri və dayanıqlı şəhər idarəetmə təcrübələri ilə media nümayəndələrini yaxından tanış etmək olduğu bildirilib.

Məlumatlandırma turu çərçivəsində iştirakçılar əvvəlcə “Təmiz Şəhər” ASC-nin Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda olub, tullantıların çeşidlənməsi prosesi və tullantılar arasında tapılmış qiymətli əşyaların sərgiləndiyi guşə ilə tanış olublar. Media nümayəndələri həmçinin çeşidlənmə prosesini izləyiblər.

"Təmiz Şəhər” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Orxan Cabbarovun sözlərinə görə, WUF 13 tədbiri çərçivəsində əsas istiqamətlərdən biri dayanıqlı şəhərlərin formalaşmasında tullantıların idarə olunmasıdır: "Hesablamalara görə, son beş il ərzində 29 min 500 ton kağız tullantısının emala yönləndirilməsi nəticəsində təxminən 501 min ağacın kəsilməsinin qarşısı alınıb”.

O, əlavə edib ki, plastik tullantıların da təkrar emalı istiqamətində mühüm işlər görülür: “Son beş ildə 3 min 500 ton plastik butulkanı çeşidləyərək təkrar emala göndərmişik".

Daha sonra iştirakçılar Balaxanı Sənaye Parkına və Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavoduna səfər edərək təkrar emal və tullantıların yandırılması nəticəsində elektrik enerjisinin istehsalı prosesi ilə tanış olublar.

Tur zamani bildirilib ki, Bakıda yerləşən Balaxanı Sənaye Parkı tullantıların təkrar emalı və ekoloji istehsal sahəsində mühüm mərkəzlərdən birinə çevrilib. Park 2017-ci ildən fəaliyyət göstərir və bu müddət ərzində burada 28 rezident qeydiyyatdan keçib.

Dövlət tərəfindən Parka ümumilikdə 57 milyon manat həcmində investisiya yatırılıb. Bunun nəticəsində 2017-ci ildən bu günə qədər təkrar emal yolu ilə təxminən 416 milyon manat dəyərində məhsul istehsal olunub. İstehsal olunan məhsulların 32 milyon manatlıq hissəsi xarici ölkələrə ixrac edilib.

Sənaye parkında plastik tullantılar, kağız qalıqları, PET şüşələr, istifadə olunmuş mühərrik və qida yağları kimi müxtəlif tullantılar emal edilərək yeni məhsullar hazırlanır.

“Təmiz Şəhər” ASC-nin Utilizasiya şöbəsinin müdir müavini Arif Kərimovun sözlərinə görə, Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunun illik tullantı yandırma gücü minimum 500 min ton təşkil edir: “Zavodun əsas məqsədi elektrik enerjisi istehsal etmək deyil. Əsas məqsəd iri şəhərlərdə yaranan məişət tullantılarının həcmini əhəmiyyətli dərəcədə azaltmaqdır”.

Arif Kərimovun sözlərinə görə, müəssisədə ildə təxminən 231 min 500 meqavat-saat elektrik enerjisi istehsal etmək mümkündür. Ötən il “Təmiz Şəhər” ASC-yə ümumilikdə 983 min ton məişət tullantısı təhvil verilib. Bunun 515 min tonu zavodda yandırılaraq zərərsizləşdirilib və torpağa basdırılmasının qarşısı alınıb.

Qeyd olunub ki, Bakıda gündə təxminən 3 min ton məişət tullantısı yaranır. Onun 1680 tona qədəri bu zavodda yandırılaraq zərərsizləşdirilir. Zavodda istehsal olunan elektrik enerjisinin təxminən 15 faizi müəssisənin daxili tələbatı üçün istifadə olunur, qalan 85 faizi isə ölkənin vahid enerji şəbəkəsinə ötürülür.

Media-tur WUF13 Azərbaycan Əməliyyat Şirkəti, “Təmiz Şəhər” ASC və Bakı şəhər İcra Hakimiyyəti “Kommunal Xidmətlər Müəssisəsi” MMC nümayəndələrinin müşayiəti ilə həyata keçirilib.

Tədbir çərçivəsində WUF13 zamanı tullantıların idarə olunması ilə bağlı görülən işlər barədə məlumat verilib və iştirakçıların sualları cavablandırılıb.

Qeyd edilib ki, WUF13 Azərbaycan Əməliyyat Şirkəti və “Təmiz Şəhər” ASC arasında imzalanmış əməkdaşlıq memorandumu WUF13 tədbirinin dayanıqlı şəkildə keçirilməsinə, karbon emissiyasının azaldılmasına, tullantıların minimuma endirilməsinə və təkrar emal göstəricilərinin artırılmasına, həmçinin resurs səmərəliliyi və dairəvi iqtisadiyyatın təşviqinə strateji töhfə verir.

17-22 may tarixlərində Bakı Olimpiya Stadionunda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıq çərçivəsində media nümayəndələri üçün silsilə xarakter daşıyan məlumatlandırma sessiyaları davam etdirilir.

İlqar Xudiyev WUF13 “Təmiz Şəhər” ASC media-tur

Xəbər Lenti