Çərşənbə axşamı, 17 Mart, 2026
Tarix: 17 Mar 2026 11:40
“Bakı KOB evi”ndə WUF13 Azərbaycan Əməliyyat Şirkəti ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun tərəfdaşlığı çərçivəsində “WUF13 – özəl sektor üçün məlumatlandırma sessiyası” keçirilib.
APA xəbər verir ki, 17–22 may 2026-cı il tarixlərində Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıq çərçivəsində təşkil olunan tədbirdə sənaye, yaşıl enerji, tikinti, tullantıların idarə olunması, nəqliyyat, İKT, maliyyə və digər sahələrdə fəaliyyət göstərən 120-dən çox sahibkar iştirak edib.
Tədbirin əvvəlində UN-Habitat-ın Azərbaycandakı ölkə proqramının rəhbəri Anna Soave çıxış edib və WUF13-də özəl sektor nümayəndələrinin xüsusi rolunu vurğulayıb və şirkətlər üçün yarana biləcək fürsətlər haqqında danışıb.
Sonra isə, WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov çıxış edib.
Onun sözlərinə görə, WUF13-də 30 000-ə yaxın nümayəndənin iştirakı gözlənilir.
“30 000-ə yaxın iştirakçının arasında dövlət başçıları, bələdiyyə rəhbərləri, vətəndaş cəmiyyətləri, özəl sektor, akademiyalardan olan alimlər və digər şəxslər var. 6 gün keçiriləcək WUF13-də 400-ə yaxın konfrans, dəyirmi masa və görüşlər keçiriləcək. Bununla yanaşı “Urban Expo” sərgisi də açıq olacaq ki, burada iştirak üçün artıq 36 ölkədən olan təmsilçi qeydiyyatdan keçib”,- Adil Məmmədov bildirib.
Ardınca isə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktorunun müşaviri Sevil Yəhyayevanın çıxışı olub.
Ümumilikdə, sessiyanın əsas məqsədi özəl sektor nümayəndələrini WUF13, eləcə də bu beynəlxalq platformanın biznes üçün yaratdığı imkanlar barədə məlumatlandırmaq olub.
Sessiya zamanı iştirakçılara WUF13 çərçivəsində təqdim olunan imkanlar, o cümlədən “Urban Expo” sərgisində iştirak prosesi barədə ətraflı məlumat verilib. Qeyd edək ki, “Urban Expo” sərgisində iştirak üçün müraciətlər 31 mart 2026-cı il tarixinədək onlayn qaydada qəbul olunur.
Toğrul Quluzadə Bakı WUF13 özəl sektor