Anar Quliyev: Azərbaycan beynəlxalq dialoq üçün əsas mərkəzlərdən birinə çevrilib

Tarix: 18 Mar 2026 10:20

"Son illər Azərbaycan beynəlxalq dialoq üçün əsas mərkəzlərdən birinə çevrilib. Urbanizasiyanın sürətlə artdığı və ciddi problemlərin mövcud olduğu dövrdə dayanıqlı yanaşmaların əhəmiyyəti daha da artır".

APA xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev Bakıda keçirilən “AZS ISO 20121:2026 Tədbir davamlılığının idarəetmə sistemləri” üzrə dövlət standartının təqdimatında deyib.

O bildirib ki, müasir dövrdə dayanıqlılıq artıq seçim deyil, bu, həm iqtisadi, həm də sosial inkişafın əsas şərtidir:

“Bu baxımdan dayanıqlılıq sistemləri iqtisadiyyata və cəmiyyətə müsbət təsir göstərən mühüm amil kimi çıxış edir. Bu standartlar eyni zamanda şəhərsalma ilə sıx bağlıdır. Dayanıqlı tədbir idarəetmə yanaşması şəhərsalmanın əsas istiqamətlərindən biri hesab olunur. Bu çərçivədə həyata keçirilən tədbirlər kağız istifadəsini 42 faiz, enerji israfını isə 60 faizə qədər azaltmağa kömək edir”.

Anar Quliyev qeyd edib ki, dayanıqlılıq sistemi uzunmüddətli və davamlı inkişaf formaları yaradır:

“Bütün bunlar WUF13 çərçivəsində xüsusi əhəmiyyət kəsb edir və qəbul olunan standartlar öhdəliklərin daha da möhkəmləndirilməsinə xidmət edir”.

Gülcahan İmanqızı

Xəbər Lenti