WUF13: Yeni şəhərsalma dövrünün qlobal yol xəritəsi Bakıda müəyyənləşir

Tarix: 19 Mar 2026 12:45

“WUF13 Azərbaycan, region və ümumilikdə, dünya şəhərləri üçün yeni dövr memarlıq və şəhərsalma yanaşmalarının formalaşmasına istiqamət verəcək mühüm platformadır”.

Bu sözləri APA-ya açıqlamasında Türkdilli Ölkələrin Elmlər Akademiyasının professoru, şəhərsalma memarı Cahid Həsənov deyib.

WUF13 yeni şəhərsalma dövrünün yol xəritəsini müəyyənləşdirəcək

O bildirib ki, WUF13 gələcək şəhər inkişafının hansı prinsiplər və modellər əsasında qurulacağını müəyyənləşdirən bir yol xəritəsi rolunu oynayacaq: “WUF13 yalnız memarları deyil, eyni zamanda ekoloqları, iqtisadçıları və müxtəlif sahələr üzrə mütəxəssisləri, eləcə də aidiyyəti qurumları bir araya gətirəcək. Bu baxımdan, tədbir iştirakçılar arasında körpü rolunu oynayaraq müxtəlif ölkələrdə hazırlanmış ideya və layihələrin qısa müddətdə beynəlxalq səviyyədə təqdim olunmasına və tətbiqinə şərait yaradacaq.

Tədbir həm də yeni ideya və layihələrin təqdim olunduğu qlobal platformadır. WUF13 çərçivəsində təqdim edilən təşəbbüslər, əslində, bütün dünya ölkələri üçün açıq olan və tətbiq potensialı daşıyan inkişaf modelləridir. Bu isə memarlıq və şəhərsalma sahəsində hələ geniş tətbiq olunmamış yeni istiqamətlərin formalaşmasına, inkişafına təkan verəcək”.

Azad olunmuş ərazilərdə “ağıllı şəhər” quruculuğu üçün yeni imkanlar

Memar vurğulayıb ki, belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsi xüsusi əhəmiyyət daşıyır: “Xüsusilə işğaldan azad olunmuş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi baxımından bu forum olduqca uyğun bir mərhələyə təsadüf edir. Həmin ərazilərdə quruculuq işlərinin sıfırdan və daha müasir yanaşmalar əsasında həyata keçirilməsi üçün WUF13 mühüm imkanlar yaradır”.

İnsan amili və komfortlu yaşayış mühiti əsas prioritetdir

Cahid Həsənov WUF13-ü insan yaşayışının komfortlu inkişafına yönəlmiş mühüm addım kimi qiymətləndirib: “Bu çərçivədə memarlıq və şəhərsalmanın bütün sahələrinin inkişafı əsas prioritetlərdən biridir. Məhz bu kontekstdə tullantıların idarə olunması və dövri iqtisadiyyat anlayışı da ön plana çıxır. Göründüyü kimi, memarlıq və şəhərsalmanın inkişafı yalnız bu sahə ilə məhdudlaşmır, eyni zamanda texnologiya, təbii sərvətlər və digər əlaqəli qurumların da prosesə cəlb olunmasını tələb edir. Bu isə bütün tərəflərin birgə fəaliyyəti ilə gündəlik iş rejimində davamlı inkişafın təmin olunmasına zəmin yaradır.

Burada söhbət təkcə “yaşıl şəhər”, “ağıllı şəhər” və ya “ağıllı kənd” anlayışlarından getmir. Komfortlu yaşayış mühiti, binaların təbii işıqlandırılması və havalandırılması kimi məsələlərlə yanaşı, kanalizasiya sistemlərinin yenilənməsi də bu prosesin ayrılmaz hissəsidir. Şəhər ərazilərində tullantıların idarə olunması sistemi həm şəhərin təmizliyi, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu sahə iki istiqamətdə - ekoloji və iqtisadi baxımdan paralel inkişaf etməlidir”.

O, sonda vurğulayıb ki, WUF13 dünyanın müxtəlif ölkələrindən mütəxəssislərin, media nümayəndələrinin və beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycana yönəldəcək. Bu isə həm şəhərsalma sahəsində əməkdaşlıqların genişlənməsinə, həm də turizm axınının artmasına müsbət təsir göstərəcək.

Gülcahan İmanqızı WUF13 şəhərsalma yol xəritəsi ağıllı şəhər Bakı memar

Xəbər Lenti