Qurban Qurbanov: "Böyük uğurlar üçün nəhəng klublara da qalib gəlmək lazımdır"

Tarix: 08.03.2024 01:07

“Azarkeşlərə təşəkkür edirəm. Bu gün stadionda böyük futbol ab-havası vardı. Qalib gəlmək şansımız vardı, amma sonda matç heç-heçə ilə nəticələndi”.

APA xəbər verir ki, bu sözləri “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov Almaniyanın “Bayer 04” klubuna qarşı 2:2 hesablı heç-heçə etdikləri Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, futbolçular əlindən gələni etdilər:

"Cəzalı oyunçuların matçda iştirak edə bilməmələrinin təsiri oldu. Hər şeyə real baxmalıyıq. Qələbə də qazana bilərdik. Əvvəlcədən də qeyd etdiyim kimi bu oyunda sürət və dinamika çox vacibdir. Əlbəttə ki, bu komandaya qarşı tempi qorumaq çətindir. Futbolçularımın hər birindən razı qaldım. Səfərdəki matça daha ciddi hazırlaşmalıyıq. Oyunçuların daha sağlam və hazırlıqlı olması önəmlidir. Böyük uğurlar üçün nəhəng klublara da qalib gəlmək lazımdır. Hardasa bu səviyyəyə yaxınlaşa biləcəyik. Biz dayanmamışıq, qarşıdakı oyunu gözləyirik. Rəqibə qarşı düzgün oyun qurub, nəticə əldə edə bilərik".

Qurban Qurbanov həmçinin bildirib ki, alman komandaları istənilən rəqibə qarşı çox ciddi hazırlaşırlar:

"Onlar bu oyuna çox ciddi hazırlaşıblar. Avropa ölkələrində rəhbərlər, futbolçular dəyişir, amma mexanizm davam edir. Bu önəmlidir. Bizim üçün asan deyil. Daha möhkəm olmaq üçün atacağımız addımlar vacibdir. Hər halda Almaniya futbolu bu gün bizdən öndədir. 10-15 ildən sonra hansısa nəticəni verə bilərik. Məncə, ölkələri müqayisə etməyək, işimizi yaxşılaşdırmağa çalışaq".

Arzu Qurbanlı

Xəbər Lenti