Mərkəzi Bank investisiya şirkətləri üçün yeni kapital tələblərini təsdiqləyib

Tarix: 20 Apr 2026 17:22

Mərkəzi Bank investisiya şirkətləri üçün yeni kapital tələblərini tətbiq edəcək.

“APA-Economics” xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) investisiya şirkətləri üçün yeni kapital tələblərini müəyyən edən qaydanı təsdiqləyib.

Qərara əsasən “İnvestisiya şirkətinin davamlı kapital tələbləri haqqında Qayda” təsdiq olunub və sənəd dərc edildiyi gündən 6 ay sonra qüvvəyə minəcək.

Qayda investisiya şirkətlərinin məcmu kapitalının strukturunu, onun komponentlərini, leverec əmsalını, likvidlik tələblərini, eləcə də kapitalın hesablanması mexanizmlərini müəyyən edir. Yeni tələblərə əsasən, investisiya şirkətləri fəaliyyətləri üzrə üzləşdikləri risklərə uyğun səviyyədə kapital saxlamalıdır.

Sənədə əsasən, məcmu kapital I dərəcəli (əsas) və II dərəcəli (əlavə) kapitaldan formalaşır və əsas kapitalın payı ümumi kapitalın ən azı 50%-ni təşkil etməlidir. Eyni zamanda, investisiya şirkətləri minimum nizamnamə kapitalı ilə yanaşı, risklər əsasında hesablanan kapital tələblərinə də əməl etməlidir.

Qayda çərçivəsində kredit, bazar, əməliyyat, valyuta, hesablaşma və konsentrasiya riskləri üzrə kapital tələblərinin hesablanması mexanizmləri müəyyən olunub. Bununla yanaşı, şirkətlər kapital göstəriciləri normativdən aşağı düşdükdə bu barədə Mərkəzi Banka dərhal məlumat verməlidirlər.

Sənəd həmçinin investisiya şirkətləri üçün likvidlik və leverec tələblərini də müəyyən edir. Belə ki, leverec əmsalının minimum səviyyəsi 3% olaraq müəyyən edilib və şirkətlər kifayət qədər likvid aktivlərə malik olmalıdır.

Qeyd edək ki, yeni qayda investisiya şirkətlərinin maliyyə dayanıqlığının gücləndirilməsi, risklərin daha effektiv idarə olunması və kapital bazarının inkişafının dəstəklənməsi məqsədi daşıyır.

Rahim Tarıverdiyev investisiya şirkətləri kapital tələbi AMB Mərkəzi Bank

Xəbər Lenti