Nazir: Azərbaycan su qıtlığı problemi yaşamır

Tarix: 06 May 2026 11:11

Hazırda kənd təsərrüfatı Azərbaycanın ÜDM-nin təxminən 5–6%-ni təşkil edir.

“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən “Müasir Kənd Təsərrüfatı Əməkdaşlığı Davamlı İnkişafın Təməli və Ərzaq Təhlükəsizliyinin Qarantı Kimi” adlı konfransda panel müzakirəsi zamanı kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib. Nazir qeyd edib ki, məşğulluğun isə 25%-dən çoxu kənd təsərrüfatı sektorunun payına düşür:

“Bu baxımdan biz anlayırıq ki, kənd təsərrüfatı həm mühüm iqtisadi, həm də çox vacib sosial rol oynayır. Məhz buna görə də Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün həyata keçirdiyimiz siyasətin hazırlanmasına və formalaşdırılmasına bu prizmadan yanaşmalıyıq.

Sektorda xüsusilə iqlimlə bağlı problemlər var. Bundan əlavə, hazırda regionda, Körfəz bölgəsində və Ukraynada müşahidə etdiyimiz təhlükəsizlik problemləri də yeni çağırışlar yaradır.

Su qıtlığı məsələsinə gəldikdə isə, mənim şəxsi yanaşmam budur ki, Azərbaycan su qıtlığı problemi yaşamır, baxmayaraq ki, su ehtiyatlarımızın 70%-ni xaricdən alırıq. Problem daha çox idarəetmə ilə bağlıdır”.

O deyib ki, bu problemi həll etmək üçün hazırda müxtəlif addımlar atılır: “İlk növbədə, su anbarlarının yaradılması və su toplama sistemlərinin qurulması istiqamətində işlər görülür. Kiçik, orta və ya böyük ölçülü olmasından asılı olmayaraq, hökumət hazırda ölkə üzrə genişmiqyaslı layihələr həyata keçirir.

Suyun düzgün idarə olunması üçün ikinci mühüm məsələ suyun açıq kanallarla, xüsusilə torpaq kanalları ilə daşınmasından beton kanallara və hətta qapalı sistemlərə, xüsusilə boru kəmərləri vasitəsilə daşınmasına keçiddir”.

Əşrəf Mehdiyev kənd təsərrüfatı su

Xəbər Lenti