Çərşənbə, 6 May, 2026
Tarix: 06 May 2026 12:05
Yaxşı koordinasiya olunmuş nəqliyyat dəhlizləri qlobal ərzaq təhlükəsizliyinin təmin olunması üçün mühüm əhəmiyyət daşıyır.
“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən “Müasir Kənd Təsərrüfatı Əməkdaşlığı Davamlı İnkişafın Təməli və Ərzaq Təhlükəsizliyinin Qarantı Kimi” adlı konfransda panel müzakirəsi zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib.
O qeyd edib ki, bu baxımdan əlaqəliliyin gücləndirilməsi və yüklərin fasiləsiz hərəkətinin təmin edilməsi ortaq prioritetə çevrilib:
“Əsas Şərq-Qərb və Şimal-Cənub ticarət marşrutlarının kəsişməsində yerləşən Azərbaycan Avropa ilə Asiya arasında təbii körpü rolunu oynayır. Bu üstünlüyə əsaslanaraq ölkə milli strategiyanın mərkəzində duran Orta Dəhlizin inkişafına xüsusi diqqət yetirib.
Bu strateji baxışın konkret fəaliyyət planına çevrilməsi məqsədilə Azərbaycan 2024–2026-cı illər üçün Milli Tranzit Fəaliyyət Planını qəbul edib. Bu sənəd ölkənin tranzit potensialının gücləndirilməsi üzrə geniş yol xəritəsini müəyyən edir.
Plan dörd əsas istiqamətə fokuslanır: fiziki infrastrukturun inkişafı, əməliyyat səmərəliliyinin artırılması, beynəlxalq tərəfdaşlarla koordinasiyanın gücləndirilməsi və nəqliyyat proseslərinin rəqəmsallaşdırılması”.
Nazir müavini vurğulayıb ki, Azərbaycan Avrasiya boyunca fasiləsiz nəqliyyat əlaqələrinin təmin edilməsi üçün ardıcıl şəkildə iri infrastruktur layihələrinə investisiya yatırır:
“Bunun əsas nümunələrindən biri Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir. Bu xətt Orta Dəhlizdə əsas rol oynayır və hazırda illik 5 milyon tona qədər yükdaşıma qabiliyyətinə malikdir.
Bunu tamamlayan əsas obyektlərdən biri də Bakı Beynəlxalq Dəniz Ticarət Limanıdır. Xəzər dənizində əsas multimodal qovşaq olan limanın hazırkı illik ötürmə qabiliyyəti 15 milyon tondur və bu göstəricinin 25 milyon tona çatdırılması istiqamətində genişləndirmə işləri aparılır.
İnfrastrukturun inkişafı ilə yanaşı, dəhlizlərin səmərəli və etibarlı fəaliyyəti üçün tərəfdaş ölkələrlə sıx koordinasiya da vacibdir. Azərbaycan marşrut boyunca yerləşən bütün ölkələrlə əməliyyat problemlərinin həlli, prosedurların uyğunlaşdırılması və sərhəd-keçid proseslərinin sadələşdirilməsi istiqamətində fəal işləyir”.
O qeyd edib ki, əməkdaşlığın gücləndirilməsi və dəhlizin ümumi fəaliyyətinin yaxşılaşdırılması məqsədilə çoxsaylı sazişlər, anlaşma memorandumları və birgə yol xəritələri hazırlanıb:
“Bu səylərin nəticələri artıq görünür. 2025-ci ildə Azərbaycan üzərindən tranzit daşımaların ümumi həcmi 14,3 milyon tona çatıb ki, bu da 2019-cu illə müqayisədə 2,5 dəfə artım deməkdir.
Bu yüklərin təxminən üçdə biri Orta Dəhliz vasitəsilə daşınıb və bu da onun regional əlaqəlilikdə artan rolunu təsdiqləyir.
Konteyner daşımalarında da ciddi artım qeydə alınıb. Xüsusilə Çindən gələn blok qatarların sayı 400-ə çatıb ki, bu da 37%-lik artım deməkdir.
Bundan əlavə, Azərbaycan regional əlaqəliliyin daha da asanlaşdırılması istiqamətində praktiki addımlar atıb. Ermənistanla sülh prosesinin formalaşmasından sonra bu istiqamətdə tranzit əməliyyatlarına imkan yaradılıb və təxminən 28 min ton yük Azərbaycanın ərazisi vasitəsilə Ermənistana daşınıb.
Bu yüklərə taxıl, qarabaşaq kimi aqrar-ərzaq məhsulları, həmçinin gübrələr kimi kənd təsərrüfatı təyinatlı məhsullar daxildir”. S.Məmmədov deyib ki, bu tədbirlər aqrar-ərzaq təchizat zəncirləri üçün xüsusilə vacibdir: “Səmərəli və yaxşı koordinasiya olunmuş dəhlizlər çatdırılma müddətini azaldır, itkiləri minimuma endirir və tez xarab olan məhsullar üçün olduqca vacib olan məhsul keyfiyyətini qoruyur.
Gələcəyə baxdıqda, Avropa ilə Asiya arasında ticarət axınlarının artmağa davam edəcəyi gözlənilir. Bu baxımdan Ermənistan üzərindən Azərbaycanın Naxçıvan bölgəsinə, oradan isə Türkiyəyə uzanacaq Zəngəzur dəhlizi regional əlaqəliliyin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır”.
Əşrəf Mehdiyev Azərbaycan Avropa Asiya Orta Dəhliz Samir Məmmədov