Frilanser jurnalist Cessika: Azərbaycanda həm gələcək planlara, həm də keçmişin şəhərsalma irsinə diqqət yetirilir

Tarix: 06 May 2026 22:54

Azərbaycanda həm gələcək planlara, həm də keçmişdən gələn şəhərsalma irsinə diqqət yetirilir. Bunu frilanser jurnalist və urban-tur iştirakçısı Cessika "Monacle" radiosunun efirində deyib.

O bildirib ki, Azərbaycan iki həftədən sonra keçiriləcək BMT Habitat Ümumdünya Şəhər Forumuna hazırlaşır. Bu çərçivədə jurnalistlər və urbanistlər ölkəyə dəvət olunaraq Azərbaycanın illər ərzində şəhər inkişafında keçdiyi yolu yaxından müşahidə etmək imkanı əldə edirlər.

Cessika qeyd edib ki, forum çərçivəsində təkcə gələcək layihələr deyil, həm də ölkənin zəngin şəhərsalma irsi nümayiş etdirilir.

Onun sözlərinə görə, Azərbaycan tarix boyu Mərkəzi Asiya ilə Avropa arasında körpü rolunu oynayıb və müxtəlif sivilizasiyaların kəsişmə nöqtəsi olub. Jurnalist Bakının dünya tarixində ilk böyük neft bumlarından birinə ev sahibliyi etdiyini və hazırda ölkənin ikinci böyük enerji yüksəlişi dövrünü yaşadığını vurğulayıb.

Cessika bildirib ki, BMT Habitat forumunun əsas mesajlarından biri “ölkəni yaxından tanıyın” çağırışıdır. Onun fikrincə, təşkilatçılar iştirakçılara yalnız konfrans salonlarını deyil, real həyatı və şəhərin gündəlik ritmini göstərməyə çalışırlar.

Frilanser jurnalist Bakını son on ildə gördüyü ən maraqlı şəhərlərdən biri adlandırıb. Təxminən 2,3 milyon əhalisi olan şəhərin qədim və müasir memarlığı bir araya gətirdiyini deyən Jessica İçərişəhərin dar küçələrini, islam və türk memarlığını, yerli əhəngdaşından tikilmiş binaları və fransız memarlıq təsirlərini xüsusi qeyd edib.

Eyni zamanda, Bakıda XXI əsrin müasir şüşə və polad qüllələrinin, böyük memarlıq layihələrinin diqqət çəkdiyini bildirib.

Jurnalist Xəzər dənizi boyunca uzanan bulvarı şəhərin ən gözəl məkanlarından biri kimi xarakterizə edib. Onun sözlərinə görə, parklar, bağlar və sovet dövrünü xatırladan elementlər Bakının müxtəlif dövrlərini bir araya gətirir.

Cessika Bakının ən maraqlı xüsusiyyətlərindən birinin sənaye ilə gündəlik həyatın yaxınlığı olduğunu qeyd edib. O bildirib ki, şəhərdə yaşayış məntəqələrinin yaxınlığında rəngarəng neft quyularını görmək mümkündür və sənaye hələ də Bakının canlı hissəsi olaraq qalır.

Bəzən havada neft və qaz qoxusunun hiss olunduğunu deyən jurnalist bunun şəhərin təbii ruhunun bir hissəsinə çevrildiyini vurğulayıb. Bununla yanaşı, Bakının rahat, müasir və açıq atmosferə malik şəhər təsiri bağışladığını bildirib.

Cessika sonda Bakını “dərin sənaye irsi ilə müasir urbanizmi birləşdirən unikal kəsişmə şəhəri” adlandırıb.

WUF13 BMT şəhərsalma

Xəbər Lenti