Şənbə, 9 May, 2026
Tarix: 08 May 2026 20:34
Media nümayəndələrinin hərbi mövzuda nəzəri və praktiki biliklərinin artırılması məqsədilə Müdafiə Nazirliyinin təşkilatçılığı ilə təlim-treninq keçirilib. APA xəbər verir ki, əvvəlcə jurnalistlərlə Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində görüş olub. Görüşdə media və informasiya savadlılığı, hərbi mövzulu informasiyanın dəqiqləşdirilməsi, xəbərin daha tez əldə olunması, emalı və oxucuya çatdırılması ilə bağlı nəzəri məşğələlər keçirilib. Beş gün davam edən təlim-treninqin ilk günü nəzəri hissədən ibarət olub. Qalan günlər təlim-treninq nazirliyin müxtəlif təyinatlı hərbi hissələrinə səfərlərlə davam edib.
Jurnalistlər ilk gün komando tipli “N” saylı hərbi hissədə olublar. Media nümayəndələrini hərbi hissə komandiri qarşılayıb. Onlara hərbi hissənin yaranma tarixi və keçdiyi döyüş yolu barədə məlumat verilib. Komandirin müşayiəti ilə hərbi hissə ilə tanışlıq olub. Hərbi hissənin tibb məntəqəsinə baxış keçirilib. Tibb məntəqəsi müasir avadanlıqlarla təchiz olunub. Burada xidmət edən şəxsi heyətin müayinə və müalicəsi üçün bütün şərait yaradılıb. Məntəqə fasiləsiz fəaliyyət göstərir. Şəxsi heyət burada mütəmadi olaraq tibbi müayinədən keçirilir. Sinif otağına da baxış keçirilib. Şəxsi heyət burada hərbi biliklərə yiyələnir və həmin bilikləri praktikada tətbiq edir. Jurnalistlər hərbi hissənin “boks”unda da olublar. Burada yüksək döyüş qabiliyyətli texnikalara baxış keçirilib. Yeməkxanada şəxsi heyətin naharı da izlənilib. Şəxsi heyətə hərbi hissədə çalışan mülki şəxslər tərəfindən hazırlanan müxtəlif çeşidli yeməklər, şirniyyatlar və salatlar təqdim olunub. Proqrama əsasən, növbəti gün media nümayəndələri Hərbi Hava Qüvvələrinin hərbi hissəsində olublar. Zabitlər hərbi hissənin yaranması, təyinatı və 44 günlük Vətən müharibəsi zamanı keçdiyi döyüş yolundan danışıblar. Sonra hərbi hissə ilə tanışlıq olub. Jurnalistlər əvvəlcə tibb məntəqəsində şəxsi heyətin sağlamlığının qorunması, müayinə və müalicəsi üçün yaradılmış şəraitə baxış keçiriblər. Daha sonra əsgər kazarmasında olublar. Kazarma istilik sistemi ilə tam təmin edilib. Sinif otaqları şəxsi heyətin biliklər əldə etməsi üçün bütün ləvazimatlarla təchiz olunub. Komandir heyəti daha sonra jurnalistləri hərbi texnikaların nümayiş olunduğu meydançaya aparıb. Burada müxtəlif təyinatlı texnikalar sıralanıb. Onların arasında 44 günlük Vətən müharibəsində istifadə edilmiş texnikalar, o cümlədən 44 günlük Vətən müharibəsi zamanı aviazərbənin qarşısını alan texnika da burada yer alır. Bəzi texnikaların üzərində müxtəlif sayda ulduzlar həkk edilib. Bildirilib ki, həmin işarələr müharibə zamanı bu texnikanın məhv etdiyi düşmən texnikalarının sayını göstərir. Dava sonra şəxsi heyətin yeməkxanası ilə tanışlıq olub. Növbəti gün media nümayəndələri Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsində olublar. Akt zalında zabitlər tərəfindən HDQ-nin yaranma tarixi, keçdiyi yol, 44 günlük müharibədəki rolu, o cümlədən HDQ-nin vəzifələri barədə məlumat verilib. Jurnalistlərin sualları cavablandırılıb. Daha sonra HDQ hərbi qulluqçularının əməliyyat şəraitinə uyğun olaraq geyimləri, ləvazimatları və texnikaları ilə tanışlıq olub. Jurnalistlərə HDQ-nin şərti təlimini izləmək imkanı yaradılıb. Burada şərti terrorçuların idarə etdiyi gəmi HDQ hərbi qulluqçuları tərəfindən keçirilən şərti əməliyyat nəticəsində azad edilib. Şərti təlim hərbi qulluqçuların yüksək fiziki hazırlığa malik olduğunu nümayiş etdirib. Daha sonra jurnalistlərə burada xidmət edən hərbi qulluqçuların qida rasionu barədə məlumat verilib, nahar prosesi izlənilib.
Təlimin sonuncu günü Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində təlim-treninqin təhlili aparılıb. Təlim-treninqin gedişi müzakirə olunub, təlim iştirakçılarının rəyləri dinlənilib. Sonra təlimi müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar təqdim edilib. Sonda xatirə şəkli çəkdirilib.
*** 17:43 Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində Nazirliyin, Medianın İnkişafı Agentliyinin və media nümayəndələrinin iştirakı ilə təlim-treninq keçirilib.
MN-dən APA-ya verilən xəbərə görə, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi - mətbuat katibi polkovnik Anar Eyvazov çıxış edərək Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyası və tədbirin məqsədi barədə məlumatları iştirakçıların diqqətinə çatdırıb. Təlim-treninqin əvvəlində iştirakçılar “İnformasiya təhlükəsizliyi, dövlət sirrinin qorunması”, “Dezinformasiyaya qarşı mübarizə və böhran kommunikasiyası”, “Ordu-cəmiyyət münasibətləri, vətənpərvərlik təbliği və ictimai diplomatiya”, “Media ilə qarşılıqlı fəaliyyət, ictimai nəzarət və sosial məsuliyyət”, “Hərbi etik normalar və peşə məsuliyyəti” və digər mövzularda nəzəri biliklərə yiyələniblər. Sonra media nümayəndələri Quru Qoşunları, Hərbi Hava və Hərbi Dəniz qüvvələrinin hərbi hissələrində şəxsi heyətin gündəlik fəaliyyətini izləyib və yaradılan şəraitlə yaxından tanış olublar. Hərbi hissələrə səfər zamanı bölmələrin arsenalında olan müasir silah və döyüş texnikası qonaqlara təqdim edilib. Təlim-treninqin sonunda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, təkliflər dinlənildikdən sonra iştirakçılara sertifikatlar təqdim olunub.
Emin Şirvanzadə Müdafiə Nazirliyi media nümayəndələri təlim-treninq








