Çərşənbə axşamı, 12 May, 2026
Tarix: 12 May 2026 16:15
Dünyada ərzaq məhsullarının qiymətində müşahidə olunan artım beynəlxalq iqtisadi gündəmin əsas mövzularından birinə çevrilib. Ərzaq təhlükəsizliyi artıq yalnız iqtisadi məsələ deyil, həm də milli təhlükəsizlik məsələsi kimi qiymətləndirilir. Müxtəlif regionlarda baş verən müharibələr, geosiyasi qarşıdurmalar, logistika marşrutlarında yaranan problemlər və enerji bazarındakı dalğalanmalar dünya ərzaq bazarına ciddi təsir göstərir. Xüsusilə əsas ərzaq məhsullarının istehsalı və daşınması ilə bağlı yaranan qeyri-müəyyənlik qiymətlərin yüksəlməsinə səbəb olur.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili APA-ya açıqlamasında bildirib ki, hazırda qlobal bazarlarda taxıl, bitki yağları, şəkər, ət və digər strateji məhsullar üzrə qiymət artımı müşahidə edilir: “Dünyanın aparıcı iqtisadi mərkəzlərində inflyasiya təzyiqlərinin davam etməsi ərzaq qiymətlərinin sabitləşməsinə mane olur. Bir çox ölkələr daxili bazarı qorumaq üçün ixrac məhdudiyyətlərinə üstünlük verir ki, bu da beynəlxalq bazarlarda əlavə təzyiq yaradır”.
Tahir Mirkişili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü
Hörmüz boğazı ətrafındakı risklər və enerji bazarındakı gərginlik ərzaq qiymətlərinə təsir edirDeputat qeyd edib ki, ərzaq məhsullarının maya dəyərinə təsir edən əsas amillərdən biri enerji qiymətləridir: “Enerji resurslarının bahalaşması kənd təsərrüfatında istifadə olunan gübrələrin, yanacağın, logistika və daşınma xidmətlərinin xərcini artırır. Nəticədə son məhsulun qiyməti də yüksəlir. Bu baxımdan, geosiyasi risklər və enerji bazarındakı vəziyyət ərzaq bazarına birbaşa təsir göstərən amillər sırasındadır”.
Tahir Mirkişili bildirib ki, ərzaq qiymətlərindəki artımın əsas səbəblərindən biri Yaxın Şərqdə gərginliyin artmasıdır: “İran–İsrail–ABŞ xəttində yaşanan qarşıdurma yalnız regional təhlükəsizlik məsələsi deyil, eyni zamanda dünya iqtisadiyyatına təsir edən ciddi geosiyasi risk faktorudur. Yaxın Şərq dünya enerji təhlükəsizliyində mühüm rol oynayan regiondur. Regionda hərbi risklərin artması ilk növbədə enerji bazarlarında qeyri-sabitlik yaradır. Neft və qaz qiymətlərində baş verən dəyişikliklər isə qlobal iqtisadi sistemə zəncirvari təsir göstərir”.
Tahir Mirkişili nəzərə çatdırıb ki, lobal iqtisadiyyat üçün ən kritik məsələlərdən biri Hörmüz boğazı ilə bağlı risklərdir: “Dünyada istehsal olunan neftin təxminən 20 faizinin məhz bu boğazdan daşınması onun strateji əhəmiyyətini açıq şəkildə göstərir. Hörmüz boğazında yaranacaq hər hansı təhlükə və ya məhdudiyyət dünya enerji bazarına dərhal təsir edir. Bu isə yalnız enerji sektoruna deyil, bütün iqtisadi fəaliyyət sahələrinə mənfi təsir göstərir. Çünki müasir iqtisadiyyatın əsas hərəkətverici qüvvələrindən biri enerji təminatıdır. Neft qiymətlərinin yüksəlməsi daşınma xərclərinin artmasına səbəb olur. Beynəlxalq yükdaşımalar bahalaşır, istehsal müəssisələrinin xərcləri artır, nəticədə ərzaq və gündəlik istehlak məhsullarının qiymətində əlavə bahalaşma müşahidə edilir. Dünya bazarlarında baş verən bu proseslər təbii olaraq müxtəlif ölkələrin daxili bazarlarına da təsirsiz ötüşmür”.
Azərbaycandakı sabitlik mühüm üstünlükdürMilli Məclisin komitə üzvü bildirib ki, belə mürəkkəb beynəlxalq şəraitdə Azərbaycandakı sabitlik və əmin-amanlıq xüsusi əhəmiyyət daşıyır: “Dünyanın müxtəlif bölgələrində müharibələrin, siyasi qarşıdurmaların və iqtisadi böhranların yaşandığı bir dövrdə Azərbaycanda ictimai-siyasi sabitliyin qorunması böyük üstünlükdür. Ölkədə həyata keçirilən düşünülmüş siyasət nəticəsində iqtisadi dayanıqlıq gücləndirilib, enerji təhlükəsizliyi təmin olunub və sosial sabitlik qorunub saxlanılıb. Azərbaycanın regional və beynəlxalq layihələrdə fəal iştirakı da ölkəmizin iqtisadi mövqelərini möhkəmləndirib”.
Tahir Mirkişilinin sözlərinə görə, Azərbaycan yalnız öz enerji təhlükəsizliyini təmin edən ölkə deyil, eyni zamanda Avropanın enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaşdır: “Bu amil ölkəmizin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, iqtisadi sabitliyin qorunmasına da mühüm təsir göstərir”.
Ərzaq təhlükəsizliyi prioritet olaraq qalırDeputat qeyd edib ki, ölkədə ərzaq təhlükəsizliyinin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atılır: “Yerli istehsalın artırılması, kənd təsərrüfatına dövlət dəstəyinin genişləndirilməsi, aqrar sektorda müasir texnologiyaların tətbiqi daxili bazarın qorunmasına xidmət edir. Bu siyasət qlobal bazarlardakı dalğalanmaların ölkə iqtisadiyyatına təsirini minimuma endirməyə imkan yaradır”.
Tahir Mirkişili vurğulayıb ki, qlobal iqtisadi risklərin artdığı bir şəraitdə dövlətin əsas prioritetlərindən biri vətəndaşların sosial rifahının qorunmasıdır: “Əhalinin ərzaq təminatının etibarlı şəkildə həyata keçirilməsi, bazarlarda qiymət sabitliyinin qorunması və iqtisadi dayanıqlığın təmin olunması istiqamətində kompleks tədbirlər görülür. Azərbaycanın strateji valyuta ehtiyatlarının mövcudluğu, xarici borcun aşağı səviyyədə olması və milli iqtisadiyyatın dayanıqlı əsaslara söykənməsi ölkəmizə qlobal çağırışlara qarşı daha hazırlıqlı olmaq imkanı verir. Dünya bazarlarında baş verən proseslər diqqətlə təhlil edilir və qabaqlayıcı tədbirlər həyata keçirilir”.
Tahir Mirkişili əlavə edib ki, bu gün bir çox ölkələr iqtisadi və siyasi qeyri-müəyyənliklə üzləşdiyi halda, Azərbaycanda sabit inkişafın davam etməsi həyata keçirilən düzgün dövlət siyasətinin nəticəsidir: “Ölkəmizdə təhlükəsizlik, sabitlik və iqtisadi inkişafın paralel şəkildə təmin olunması həm vətəndaşların rifahı, həm də dövlətin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Məhz buna görə də qlobal qarşıdurmalar və iqtisadi risklər fonunda Azərbaycandakı sabitlik cəmiyyət tərəfindən yüksək qiymətləndirilir”.
ərzaq qiymətləri ərzaq təhlükəsizliyi Hörmüz boğazı dünya iqtisadiyyatı enerji bazarı geosiyasi risklər İran-İsrail gərginliyi inflyasiya Azərbaycan sabitliyi Tahir Mirkişili