UN-Habitat: Əsas məqsəd mənzil böhranı ilə mübarizə üçün layihələrin hazırlanmasıdır

Tarix: 18 May 2026 10:06

WUF13 beynəlxalq əməkdaşlıq və şəhərsalma sahəsində yeni imkanlar yaradan mühüm platformadır.

APA xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax WUF13 çərçivəsində keçirilən rəsmi açılış mətbuat konfransında deyib.

“Bu barədə təkrar-təkrar danışmışam və siz bunu bu gün və növbəti günlərdə Bakıda görəcəksiniz. Bu forumun nəticələrindən bəzilərini qeyd etmək istəyirəm. Biz mənzil mövzusuna həsr olunmuş Dünya Şəhərlər Hesabatını təqdim edirik. Bu hesabatda şəhərlərin və ölkələrin problemlərlə necə mübarizə apardığını görəcəksiniz”, – Rossbax vurğulayıb.

O qeyd edib ki, BMT-nin 14-15 qurumunu birləşdirən Local2030 platforması çərçivəsində yerli həllərlə bağlı geniş hesabat hazırlanıb.

“Yerli və regional hökumətlər, özəl sektor, vətəndaş cəmiyyəti və tərəfdaşlarla birlikdə çalışırıq. Bundan başqa, biz dünyanın müxtəlif yerlərindən təcrübələrin toplandığı xüsusi platforma yaratmışıq. Bu, üzv dövlətlərə dəstək məqsədilə qurulan canlı platformadır”, – o bildirib.

UN-Habitat rəhbərinin sözlərinə görə, tərəfdaşların bir araya gətirilməsi beynəlxalq təşkilatların maarifləndirmə və bilik mübadiləsi istiqamətində fəaliyyətinin mühüm nümunəsidir: “Bununla yanaşı, normativ çərçivələrin formalaşdırılması baxımından da güclü rol mövcuddur”.

O bildirib ki, forumun mövzusu ilə bağlı BMT üzv dövlətlərlə mənzil məsələləri üzrə açıq işçi qrupunu dəstəkləyir.

“Azərbaycan hazırda Somali ilə birlikdə həmin işçi qrupunun həmsədridir. İşçi qrupunun fəaliyyəti 2029-cu ilə qədər davam edəcək və mənzil böhranının həlli ilə bağlı normativ tövsiyələr hazırlaması gözlənilir”, – o vurğulayıb.

Rossbax qeyd edib ki, əsas məqsəd mənzil böhranı ilə mübarizə üçün uyğun siyasətlərin, şəhər planlarının və layihələrin hazırlanmasıdır: “Burada əsas məqsəd mənzil böhranı ilə necə mübarizə aparılmalı olduğu, hansı siyasətlərin BMT və üzv dövlətlər tərəfindən tövsiyə edildiyi, hansı şəhər planlarının uyğun hesab olunduğu, qeyri-rəsmi yaşayış məntəqələrinin problemlərinin həlli üçün hansı layihələrin lazım olduğu, həm sosial, həm də ekoloji tələblərə cavab verən standartların necə tətbiq edilməli olduğu kimi məsələlərə cavab tapmaqdır”.

UN-Habitat rəhbəri əlavə edib ki, mənzil böhranı qlobal xarakter daşısa da, ölkələrin sosial-iqtisadi və mədəni xüsusiyyətləri fərqlidir.

“Buna görə də ölkələrə mənzil böhranı ilə mübarizə aparacaq sistemlərin qurulmasında dəstək verməliyik — milli siyasətlər, qanunvericilik, yerli şəhərsalma planları və düzgün maliyyə sistemləri formalaşdırılmalıdır”.

İlqar Xudiyev WUF13 UN-Habitat

Xəbər Lenti