Anar Quliyev: Qarabağdakı bərpa işləri bir çox beynəlxalq qurum üçün böyük maraq doğurur

Tarix: 18 May 2026 09:56

Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə apardığı bərpa işləri və Böyük Qayıdış bir çox beynəlxalq qurum və tərəfdaş üçün böyük maraq doğurur.

“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində keçirilən rəsmi açılış mətbuat konfransındakı çıxışında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün Milli Koordinatoru Anar Quliyev deyib.

O qeyd edib ki, qısa müddət ərzində Azərbaycan bir çox çətin prosesdən keçib və bunu uğurla edib: “Mina problemlərindən başlayaraq, eyni vaxtda geniş ərazilərdə mürəkkəb planlaşdırma işləri aparıldı, paralel şəkildə 12 şəhər, yüzlərlə kənd üzrə işlər həyata keçirildi. Bu, həqiqətən çox böyük həcmdə işdir. Biz yalnız planlaşdırma aparmırıq, eyni zamanda bütün tendensiyaları və tövsiyələri nəzərə almağa çalışırıq. Biz sadəcə evlər tikib insanları həmin binalara qaytarmırıq. Biz həmin ərazilərdə yeni həyat keyfiyyəti formalaşdırırıq. Bundan əlavə, Azərbaycanda çox unikal idarəetmə modeli, institusional yanaşma və institusional islahatlar tətbiq olunub. Bunlar cənab Prezident tərəfindən həyata keçirilib. Nəticədə bu gün artıq təxminən 90 min insan Qarabağ və Şərqi Zəngəzurda yaşayır, işləyir, universitetlərdə təhsil alır”.

Əşrəf Mehdiyev WUF13 Anar Quliyev

Xəbər Lenti