Bazar ertəsi, 18 May, 2026
Tarix: 18 May 2026 09:54
Yeni Şəhərsalma Gündəliyi qeyri-rəsmi yaşayış məntəqələrinin şəhər planlarına daxil edilməsi və onların ehtiyaclarını qarşılayan siyasətlərin hazırlanması haqqındadır.
APA xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax WUF13 çərçivəsində keçirilən rəsmi açılış mətbuat konfransındakı çıxışında deyib.
“Düşünürəm ki, gələcəkdə “Necə şəhərlər görmək istəyirik?” sualının əsl cavabı Yeni Şəhərsalma Gündəliyindədir. Yeni Şəhərsalma Gündəliyi üzv dövlətlər arasında 2016-cı ildə, düz 10 il əvvəl Kito şəhərində keçirilən “Habitat III” konfransında razılaşdırılmış qlobal öhdəlikdir. Bu il isə BMT Baş Assambleyası çərçivəsində üzv dövlətlər son 10 ildə baş verənləri və növbəti 10 ildə nələrin baş verəcəyini nəzərdən keçirirlər. Yeni Şəhərsalma Gündəliyi çox aydındır. Bu gündəlik insan üçün və təbiət üçün planlaşdırılan, inklüziv, heç kəsi geridə qoymayan şəhərlərdən bəhs edir. Yeni Şəhərsalma Gündəliyi mənzili əsas mərkəzə gətirir. O qəbul edir ki, torpaq yalnız iqtisadi dəyərə malik deyil, həm də mühüm sosial və ekoloji funksiyaya sahibdir. Buna görə də şəhərlərin genişlənməsinə diqqətlə yanaşmalıyıq.
Yeni Şəhərsalma Gündəliyi kompakt şəhərlərdən, balanslaşdırılmış sıxlıqdan, ictimai məkanlardan danışır. Həmçinin qadınlar tərəfindən, qadınlarla birlikdə və qadınlar üçün planlaşdırılan şəhərlərdən bəhs edir”, - Rossbax bildirib.
Toğrul Quluzadə