Baş katib: Mənzil məsələsi inkişaf və demokratiya gündəliyinin əsas çağırışlarına çevrilib

Baş katib: Mənzil məsələsi inkişaf və demokratiya gündəliyinin əsas çağırışlarına çevrilib

Tarix: 19 May 2026 10:18

Mənzil böhranı demokratiyanın gələcəyi üçün də təhlükə yaradır.

“APA-Economics” xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Qlobal Mənzil Böhranı – Plan Nədir?” adlı yüksək səviyyəli dialoqda Birləşmiş Şəhərlər və Yerli Hakimiyyətlər Təşkilatının (UCLG – United Cities and Local Governments) Baş katibi Emilia Saiz deyib.

Onun sözlərinə görə, mənzil böhranı artıq yalnız urbanizasiya və ya qeyri-rəsmi yaşayış məntəqələri ilə bağlı məsələ deyil, həm də inkişaf və demokratiya gündəliyinin əsas çağırışlarından birinə çevrilib.

Emilia Saiz bildirib ki, hazırda daimi işi olan insanların da münasib qiymətə mənzil əldə etməkdə çətinlik çəkməsi problemin miqyasının daha da genişləndiyini göstərir.

Baş katib qeyd edib ki, mənzil məsələsinə insan hüquqları, sosial ədalət və ləyaqət prizmasından yanaşmaq vacibdir. Onun sözlərinə görə, bir çox hallarda sosial mənzillər düzgün olmayan ərazilərdə tikilir, qeyri-rəsmi yaşayış məntəqələrində öz evlərini quran insanlar isə torpağın dəyəri artdıqca həmin ərazilərdən çıxarılır.

Emilia Saiz vurğulayıb ki, dünyanın bir çox ölkəsində torpaq və mənzil sosial hüquq kimi deyil, kommersiya aktivi kimi qəbul olunur və bu yanaşma əlçatan mənzil problemini daha da dərinləşdirir. O əlavə edib ki, qlobal mənzil böhranının həlli üçün yerli və regional hakimiyyət orqanlarının qərar qəbuletmə prosesində rolu gücləndirilməlidir.

Rahim Tarıverdiyev Emilia Saiz WUF13

Mənbə: apa.az

Xəbər Lenti