Çərşənbə axşamı, 19 May, 2026
Tarix: 19 May 2026 17:59
Qarabağ və Şərqi Zəngəzurda hazırda 80 mindən çox insan yaşayır və çalışır.
"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən Dünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunan “Yerli fəaliyyətin gücləndirilməsi: adekvat mənzil təminatı və dayanıqlı icmalar üçün çoxtəbəqəli idarəetmənin möhkəmləndirilməsi” adlı sessiyada Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib.
Onun sözlərinə görə, son beş ildə dövlət büdcəsindən Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma, infrastruktur və mənzil layihələrinə təxminən 14 milyard ABŞ dolları yönəldilib.
A. Kərimov qeyd edib ki, Böyük Qayıdış Proqramının birinci mərhələsi çərçivəsində bu ilin sonunadək keçmiş məcburi köçkünlər və onların ailələri üçün 20 mindən çox mənzil tam ödənişsiz təqdim olunacaq.
O bildirib ki, bölgədə sənaye, kənd təsərrüfatı və digər istehsal sahələrinə özəl sektor tərəfindən də milyonlarla dollar həcmində investisiyalar yatırılır.
A. Kərimovun sözlərinə görə, Böyük Qayıdış Proqramının ikinci mərhələsi 2027–2030-cu illəri əhatə edəcək və proqramın prioritetləri, tədbirləri və büdcəsi bu ilin sonunadək yekunlaşdırılaraq Prezidentə təqdim ediləcək.
O vurğulayıb ki, Şuşa şəhəri ölkədə tam şəhər miqyasında inkişaf planı hazırlanan ilk şəhərlərdən biridir və qısa müddətdə burada genişmiqyaslı bərpa və inkişaf işləri həyata keçirilib.
Rahim Tarıverdiyev WUF13 WUF13Azerbaijan Baku2026 WorldUrbanForum Aydın KərimovMənbə: apa.az