Cümə axşamı, 21 May, 2026
Tarix: 20 May 2026 19:28
Azərbaycanın inkişaf strategiyalarının və dayanıqlı şəhərsalma sahəsində əldə etdiyi nailiyyətlərin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə 2026-cı ilin 17–22 may tarixlərində ölkəmizdə keçirilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində ölkəmizə səfər edən xarici media nümayəndələri üçün Medianın İnkişafı Agentliyi və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Bakının mədəni və tarixi məkanlarına mediatur təşkil edilib.
Bu barədə APA-ya MEDİA-dan məlumat verilib.
Bildirilib ki, media nümayəndələri əvvəlcə genişmiqyaslı şəhər transformasiyasının uğurlu nümunələrindən biri hesab olunan “Bakı Ağ Şəhər”i ziyarət ediblər. Burada qonaqlara bildirilib ki, “Ağ Şəhər” layihəsi rahat şəhər mühiti konsepsiyası əsasında layihələndirilib və yaşayış, kommersiya, ictimai və mədəni məkanların əlçatan məsafədə inteqrasiyasını təmin edir. Bu yanaşma sakinlərin avtomobildən istifadəsinin azaldılmasına və daha dayanıqlı şəhər həyatının formalaşmasına xidmət edir.
Daha sonra qonaqlar Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və zəngin irsinin dərindən öyrənilməsi və tədqiqinə yönəlib. Media nümayəndələri Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və fotoarxiv sənədlər, eləcə də müxtəlif eksponatlarla da tanış olublar.
İçərişəhər turu çərçivəsində isə qonaqlara Bakının qədim tarixi, zəngin mədəni irsi və şəhərsalma ənənələri barədə ətraflı məlumat verilib. Media nümayəndələri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş tarixi-memarlıq abidələri ilə tanış olub, İçərişəhərin qorunub saxlanılan unikal şəhər mühiti və tarixi siması haqqında məlumat əldə ediblər.
Firuzə Vahid MEDİA WUF13









Mənbə: apa.az