Quterreşin müavini: BMT Nizamnaməsinin prinsipləri təzyiq altındadır

Quterreşin müavini: BMT Nizamnaməsinin prinsipləri təzyiq altındadır

Tarix: 22 May 2026 15:45

Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq davamlı urbanizasiya olmadan mümkün deyil.

APA xəbər verir ki, bunu BMT Baş katibinin müavini Əminə Məhəmməd Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) bağlanış mərasimində çıxışında deyib.

Onun sözlərinə görə, mənzil bütün böyük qlobal çağırışların birləşdiyi nöqtədir, bu, əlçatanlıq, təhlükəsizlik və sosial təminat məsələsidir.

BMT nümayəndəsi bildirib ki, bu imkanların təmin olunması səhiyyə, təhsil, yoxsulluğun aradan qaldırılması, gender bərabərliyi, iqlim dayanıqlılığı və sosial inklüzivliyi də gücləndirir.

O vurğulayıb ki, forum çərçivəsində mənzil məsələsi inkişaf, iqtisadiyyat və insan hüquqları mövzusu kimi müzakirə olunub: “Mənzil Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasını sürətləndirən əsas amillərdən biridir”.

Baş katibin müavini qeyd edib ki, böhrana baxmayaraq, şəhər və kənd planlaşdırılmasının Dayanıqlı İnkişaf Məqsədləri ilə inteqrasiyası sahəsində mühüm irəliləyişlər əldə olunub.

Onun sözlərinə görə, bu miqyaslı böhran böyük həmrəylik və əməkdaşlıq tələb edir: “Biz çoxtərəfli əməkdaşlıq üçün çətin bir dövrdə yaşayırıq. BMT Nizamnaməsinin prinsipləri təzyiq altındadır, gərginlik artır, etimad zəifləyir və parçalanma sürətlənir”.

Bununla belə, BMT nümayəndəsi Bakıda nümayiş olunan əməkdaşlıq modelini yüksək qiymətləndirib.

İlqar Xudiyev

Mənbə: apa.az

Xəbər Lenti