Cümə, 22 May, 2026
Tarix: 22 May 2026 21:13
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) yekun sənədlərin qəbulu ilə başa çatıb.
APA xəbər verir ki, forumun qəbul etdiyi “Bakı Fəaliyyətə Çağırışı”nda və nazirlər görüşünün yekun sənədində Azərbaycanın irəli sürdüyü “Təhlükəsiz Qayıdış üçün Ağıllı və Dayanıqlı Məskunlaşma Həlləri Paketi” (4SRP) təşəbbüsünə dəstək ifadə olunub.
Sənəddə qeyd edilib ki, nazirlər Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat), Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) və Bakı İqlim və Sülh Mərkəzi ilə birgə hazırladığı təşəbbüsü alqışlayıblar.
“Bakı Fəaliyyətə Çağırışı”nda həmçinin yenidənqurma və bərpa işlərinin prioritetləşdirilməsi, eləcə də məcburi köçkünlərin öz evlərinə qayıdışı üçün əlaqələndirilmiş yanaşmanın vacibliyi vurğulanıb.
Qeyd olunub ki, təşəbbüs 19 may 2026-cı ildə WUF13 çərçivəsində keçirilən yüksək səviyyəli panel zamanı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən UN-Habitat, BMqT və Baku Hub ilə birgə təqdim olunub.
4SRP təşəbbüsü iqlim dəyişikliyi, ətraf mühitin deqradasiyası, məcburi köç, münaqişə və humanitar həssaslıq kimi bir-biri ilə əlaqəli problemlərə qarşı inteqrasiya olunmuş şəhərsalma və bərpa yanaşmalarının hazırlanmasını nəzərdə tutur.
Təşəbbüs tərəfdaşları bildiriblər ki, beynəlxalq standartların formalaşdırılması prosesində Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirdiyi genişmiqyaslı bərpa işləri, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi təcrübəsindən istifadə olunacaq.
Bundan əlavə, təşəbbüsün post-münaqişə və həssas regionlar üçün praktiki şəhərsalma modellərinin hazırlanması, onların beynəlxalq səviyyədə təşviqi, həmçinin iqlim və inkişaf maliyyəsinə çıxış imkanlarının genişləndirilməsi baxımından mühüm platforma olduğu vurğulanıb.
WUF13 Böyük Qayıdış UN-Habitat


Mənbə: apa.az