Çərşənbə axşamı, 26 May, 2026
Tarix: 26 May 2026 11:16
WUF13-də dünyanın müxtəlif ölkələrindən rekord sayda – 60 minə yaxın nümayəndənin iştirak etməsi Azərbaycanın etibarlı tərəfdaş və qlobal dialoq məkanı kimi böyük nüfuz qazandığını bir daha nümayiş etdirdi.
APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova bildirib.
“Ötən bir neçə gün ərzində Azərbaycan yenidən beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olub. Bakı şəhəri BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi edib. Bu cür mötəbər beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi uzaqgörən daxili və xarici siyasətin növbəti uğuru olub. Sessiyada dünyanın müxtəlif ölkələrindən rekord sayda – 60 minə yaxın nümayəndənin iştirak etməsi Azərbaycanın etibarlı tərəfdaş və qlobal dialoq məkanı kimi böyük nüfuz qazandığını bir daha nümayiş etdirdi. Dövlət başçısı İlham Əliyev forumun açılışında etdiyi çıxışda Bakıda və ölkəmizin digər bölgələrində müasir şəhərsalma sahəsində həyata keçirilən layihələrdən danışdı. Prezident xüsusi qeyd etdi ki, Azərbaycanda şəhərsalma ənənələri dərin tarixi köklərə malikdir. Əsrlər boyu burada zəngin şəhər mədəniyyəti formalaşmış, nadir memarlıq abidələri yaradılıb. Bu gün Azərbaycan tarixi irsi qorumaqla yanaşı, həm də dayanıqlı inkişafın müasir standartlarını və şəhərsalmanın qabaqcıl yanaşmalarını tətbiq edir. Bu baxımdan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri müstəsna əhəmiyyətə malikdir. Qarabağda və Şərqi Zəngəzurda yalnız yeni yaşayış məntəqələri deyil, həm də müasir yaşayış mühiti yaradılır. Əlamətdar haldır ki, 2026-cı il ölkəmizdə “Şəhərsalma və Memarlıq ili” elan olunub. Ümumiyyətlə, Ümumdünya Şəhərsalma Forumunun məhz belə bir dövrdə keçirilməsi onu göstərir ki, şəhərsalma, memarlıq və dayanıqlı inkişaf məsələləri Azərbaycanın təkcə daxili gündəliyində deyil, həm də beynəlxalq fəaliyyətində mühüm yer tutur”, - spiker qeyd edib.
Firuzə Vahid Sahibə Qafarova WUF13
Mənbə: apa.az