Cümə axşamı, 28 May, 2026
Tarix: 28 May 2026 15:26
İranın dövlət agentliyi IRNA-da WUF-13 çərçivəsində “Bakının uğurlu yenidənqurma layihələri təcrübəsi: İranın hədəf bölgələrinin bərpası üçün model” başlıqlı məqalə çap olunub.
APA-nın Tehran bürosunun məlumatına görə, IRNA “Ağ şəhər” və “Sovetski”də aparılan yenidənqurma və bərpa işlərinə yer verib, bunları çox uğurlu layihələr kimi qiymətləndirib.
Bildirilib ki, bu bərpa işləri İranda mövcud yaşayış problemlərinin həlli və köhnəlmiş ərazilərin yenidən qurulması üçün faydalı təcrübə və effektiv idarəetmə modeli kimi təqdim edilə bilər.
Yazıda Bakıda keçirilmiş WUF-13-də iştirak edən İranın Şəhər Yenidənqurma Şirkətinin idarə heyətinin üzvü Fəridun Babayi Əqdəmin fikirlərinə də yer verilib. Onun sözlərinə görə, “Qara şəhər”i “Ağ şəhər”ə çevirən layihə Xəzər dənizi sahilində geniş bir ərazini əhatə edir.
Fəridun Babayi Əqdəm qeyd edib ki, vaxtilə ekoloji çirklənməyə məruz qalmış ərazi hazırda yüksək əlavə dəyərə malik və yaşayış üçün əlverişli zonaya transformasiya olunub.
O, “Sovetski”də aparılan yenidənqurma və bərpa işlərinə də toxunub. Belə ki, layihə çərçivəsində ərazi mərhələli şəkildə park, yaşıllıq və küçələrə çevrilib, nəticədə yaşıllıq və keçid sahələrinin həcmi artırılıb.
İranlı rəsmi əlavə edib ki, İranda yüksək maliyyə və dövlət qurumları ilə mülkiyyətçilər arasında uzunmüddətli razılaşma problemləri səbəbindən bu cür layihələrin həyata keçirilməsi nadir hallarda mümkün olur.
Babayi Əqdəm əlavə edib ki, İran da öz hədəf bölgələrinin bərpası və yenidən qurulmasında bu layihələrdən istifadə edə bilər.
Haşim Rahimi Ağ şəhər Sovetski WUF-13Mənbə: apa.az