Şənbə, 30 May, 2026
Tarix: 30 May 2026 22:50
“Euronews” telekanalı Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) yekunlarına həsr olunmuş xüsusi reportaj yayımlayıb.
Telekanalın məlumatına görə, reportajda WUF13-ün şəhərlərin gələcəyi üçün qoyduğu irs, beynəlxalq əməkdaşlıq imkanları və urbanizasiya sahəsində əldə olunan nəticələrə diqqət yetirilib. Bildirilib ki, forum mənzil təminatı, iqlim davamlılığı və şəhər idarəçiliyi kimi vacib məsələlər ətrafında qlobal müzakirələr üçün mühüm platformaya çevrilib.
Reportajda qeyd olunur ki, 176 ölkədən 57 mindən çox iştirakçını bir araya gətirən forum siyasətçilər, şəhərsalma mütəxəssisləri və ekspertlər arasında təcrübə mübadiləsinə şərait yaradıb. Forum çərçivəsində keçirilən yüzlərlə sessiya və sərgidə dünyanın müxtəlif şəhərlərində tətbiq olunan innovativ həllər təqdim olunub.
“Euronews” vurğulayır ki, WUF13-də aparılan müzakirələr gələcək şəhərsalma strategiyalarının formalaşdırılmasına töhfə verir və şəhərlərin dayanıqlı inkişafı ilə bağlı beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
WUF13 Euronews şəhərsalma
Mənbə: apa.az