Azərbaycanda iqlimlə bağlı yeni qanun hazırlanır

Azərbaycanda iqlimlə bağlı yeni qanun hazırlanır

Tarix: 05 Jun 2026 16:13

Azərbaycanda iqlimlə bağlı yeni qanun hazırlayırıq.

APA xəbər verir ki, bunu Ümumdünya Ətraf Mühit Gününə (WED) həsr olunmuş beynəlxalq tədbir çərçivəsində keçirilən “Milli birgə fəaliyyətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda panel sessiyasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Fuad Hümbətov deyib.

O diqqətə çatdırıb ki, hazırda "Paris" sazişinin 6-cı maddəsi ilə bağlı məsələlər, eləcə də "Paris" sazişinin digər istiqamətləri üzərində iş gedir: “Həmçinin, emissiya əmsalları üzrə standartların hazırlanması məqsədilə regional ölkələrlə – Qazaxıstan və Türkmənistanla əməkdaşlıq etməyi planlaşdırırıq. Hazırda Azərbaycanda, eləcə də Qazaxıstanda inventarlaşdırma üçün standart emissiya əmsallarından istifadə olunur. Son görüşümüz zamanı Qazaxıstan və Türkmənistandakı tərəfdaşlarımızla bu məsələni müzakirə etdik və akademik qurumları, universitetləri və digər maraqlı tərəfləri bir araya gətirərək emissiya əmsallarımızın təkmilləşdirilməsi üçün birgə layihələrin həyata keçirilməsini təklif etdik.

Məsələn, neft-qaz sektorunda qaz-neft nisbəti adlı göstərici mövcuddur. Neft hasilatı zamanı müəyyən miqdarda qaz da ayrılır. Buna görə də Azərbaycanın neft-qaz sənayesində qaz-neft nisbətinin dəqiq müəyyənləşdirilməsi vacibdir. Bu səbəbdən biz yalnız beynəlxalq tərəfdaşlarla deyil, ölkə daxilində də akademik dairələr və universitetlərlə sıx əməkdaşlıq etməliyik. Bütün bu məsələlər yeni hazırlanmaqda olan İqlim haqqında Qanunda öz əksini tapacaq. Bu, çərçivə xarakterli yeni qanundur və müxtəlif sektorları əhatə edən geniş məsələləri özündə birləşdirəcək".

Firuzə Vahid

Mənbə: apa.az

Xəbər Lenti