Azercell IV Milli Kibertəhlükəsizlik Forumunda süni intellekt əsaslı həllərini təqdim edib

Azercell IV Milli Kibertəhlükəsizlik Forumunda süni intellekt əsaslı həllərini təqdim edib

Tarix: 05 Jun 2026 18:11

Şirkət forumun Platin sponsoru qismində çıxış edib

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşəbbüsü ilə IV Milli Kibertəhlükəsizlik Forumu keçirilib. Azərbaycanın rəqəmsal transformasiyasının aparıcı qüvvələrindən biri olan “Azercell Telekom” MMC forumun Platin sponsoru qismində tədbirə dəstək göstərib.

Milli kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə verən forum beynəlxalq təcrübənin paylaşılması, innovativ yanaşmaların müzakirəsi və yeni əməkdaşlıq imkanlarının formalaşdırılması üçün mühüm platforma rolunu oynayıb. Tədbir çərçivəsində rəqəmsal transformasiya dövründə yaranan yeni kibertəhdidlər, süni intellekt texnologiyalarının bu sahəyə təsiri, eləcə də müasir müdafiə mexanizmləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Forum dövlət qurumlarının, özəl sektor nümayəndələrinin, beynəlxalq ekspertlərin və aparıcı texnologiya şirkətlərinin iştirakı ilə baş tutub.

Forum çərçivəsində keçirilən “Rəqəmsal transformasiyada kiber çağırışlar” panel müzakirəsində "Azercell Telekom"un Kibertəhlükəsizlik şöbəsinin rəhbəri Mais Şərifli şirkətin kibertəhlükəsizlik infrastrukturunda süni intellektin rolu ilə bağlı əldə olunmuş real və praktiki nəticələri bölüşüb. O qeyd edib ki, Azercell hazırda korporativ müştərilərə 10-dan çox fərqli kibertəhlükəsizlik xidməti təqdim edir.

Bildirilib ki, Azercell kibertəhdidlərin aşkarlanması və rəqəmsal təhlükəsizlik ekosisteminin mərkəzləşdirilmiş şəkildə idarə olunması məqsədilə süni intellekt arxitekturasını tətbiq edən ilk telekommunikasiya şirkətidir. M. Şərifli kibertəhlükəsizlik analitiklərinin qərarları ilə süni intellekt sistemlərinin verdiyi qərarlar arasında uyğunluq səviyyəsinin hazırda 95%-i ötdüyünü vurğulayıb.

Süni intellekt əsaslı texnologiyalar fasiləsiz fəaliyyət göstərərək əməliyyat proseslərinin sürətini və effektivliyini əhəmiyyətli dərəcədə artırır, bəzi hallarda isə proseslərin icra müddətini ənənəvi yanaşmalarla müqayisədə 40 dəfəyədək azaldır. Eyni zamanda, bu texnologiyalar böyük həcmli məlumatların emalı və təhlili, eləcə də potensial təhlükələrin vaxtında müəyyənləşdirilməsi istiqamətində mühüm imkanlar yaradır.

Qeyd edək ki, Azercell kibertəhlükəsizlik sahəsində fəaliyyətini “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”na uyğun olaraq inkişaf etdirir və ölkənin rəqəmsal dayanıqlılığının gücləndirilməsinə yönəlmiş təşəbbüslərin həyata keçirilməsinə davam edir.

APA-Economics azercell
Azercell IV Milli Kibertəhlükəsizlik Forumunda süni intellekt əsaslı həllərini təqdim edib
Azercell IV Milli Kibertəhlükəsizlik Forumunda süni intellekt əsaslı həllərini təqdim edib

Mənbə: apa.az

Xəbər Lenti