Ursula Fon der Lyayenin ofisi Azərbaycan Milli QHT Forumuna məktub ünvanlayıb - FOTO

Ursula Fon der Lyayenin ofisi Azərbaycan Milli QHT Forumuna məktub ünvanlayıb - FOTO

Tarix: 10 Jun 2026 17:15

2026-cı il mayın 1-də Azərbaycan QHT-ləri Ermənistana gedən Avropa liderlərinə - Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenə, Avropa Şurasının prezidenti Antonio Kostaya, 8-ci Avropa Siyasi Birliyi Zirvə Toplantısında və Avropa İttifaqı-Ermənistan Zirvə Toplantısında iştirak edən dövlət və hökumət başçılarına Açıq Məktub ünvanlayıb.

APA-nın xəbərinə görə, məktubda deyilirdi ki, Cənubi Qafqaz ötən yay Vaşinqton Zirvə Görüşündən sonra böyük bir transformasiya yaşayır.

Azərbaycan və Ermənistan davamlı sülhə doğru irəliləyir. Müraciət müəllifləri Ermənistana gedən Avropa liderlərini Azərbaycanın üzləşdiyi itkin düşmüş şəxslər və mina kimi humanitar problemlərə diqqət yetirməyə çağırırdı: “Hazırda I Qarabağ müharibəsindən bəri 71 nəfəri uşaq, 287 nəfəri qadın, 319 nəfəri ahıl olmaqla, təxminən 4000 nəfər Azərbaycan vətəndaşı itkin düşüb. Güclü dəlillər ortadadır ki, bu insanlar işgəncəyə məruz qalaraq öldürülüb, bu isə müharibə cinayətləridir. 30 ildən artıqdır ki, Ermənistan bu şəxslərin taleyi və kütləvi məzarlıqların yerləri barədə məlumat vermir. Bu 4 min nəfər itkin düşmüş şəxsin ailələrinin ağrı və əzabları beynəlxalq ictimaiyyət tərəfindən lazımi diqqətdən kənarda qalmış humanitar faciədir”.

O da vurğulanırdı ki, 2020-ci ildə Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən bəri 32 kütləvi məzarlıq aşkar edilib. Bu kütləvi məzarlıqlardan aşkar edilmiş qalıqlar əsasında 91 nəfərin kimliyi müəyyən edilib və onlar dəfn olunub. Bu şəxslərin dəfnləri ailələri üçün çoxdan intizarında olduqları təskinlik yeri olub: “Bəzi erməni səhra komandirləri I Qarabağ müharibəsi zamanı öldürülən azərbaycanlıların kütləvi məzarlıqlarının yerləri barədə məlumatlara sahib olduqlarını bildiriblər. Sizi və bütün iştirakçıları çağırırıq ki, bu şəxsləri sorğu-sual etmək və kütləvi məzarlıqların yerləri barədə məlumatları Azərbaycana təqdim etmək üçün Ermənistana təzyiq edəsiniz”.

Məktubda həmçinin Azərbaycanın azad edilmiş ərazilərinin minalarla çirklənməsi qabardılırdı: “Ermənistanın tam və dəqiq mina xəritələrini təqdim etməkdən boyun qaçırması 2020-ci ildə II Qarabağ müharibəsinin bitməsindən bəri 400-dən çox insanın ölümünə və yaralanmasına səbəb olub. Bu "gizli müharibə" Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində yenidənqurma işlərini ləngidir və yüz minlərlə keçmiş məcburi köçkünün təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmasına mane olur”.

Avropa liderlərini Ermənistanı itkin düşmüş azərbaycanlılar haqqında məlumatları açıqlamağa və Azərbaycanın azad olunmuş ərazilərinin dəqiq mina xəritələrini verməyə vadar etməyə dəvət edən Açıq Məktubda xüsusi vurğulanırdı ki, bu məsələlərin həlli etimad quruculuğu baxımından Ermənistan tərəfindən atıla biləcək praktiki addım ola bilər.

2026-cı il iyunun 10-da Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenin ofisi Azərbaycan QHT-lərinin çətir təşkilatı olan Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərliyə cavab məktubu yazıb. Məktubda deyilir: “Müraciətinizi diqqətlə nəzərdən keçirdik və onu EEAS-a (“European External Action Service”) ötürdük. Onlar qaldırdığınız məsələləri nəzərdən keçirərək ən yaxın vaxtlarda Sizə geridönüş edəcəklər”.

Qeyd edək ki, bundan əvvəl Avropa Şurası da Azərbaycan Milli QHT Forumuna cavab məktubu yazaraq, müraciətin Avropa Şurasının prezidenti Antonio Kostanın ofisinə göndərildiyini bildirmişdi.

Avropa Komissiyası Ursula Fon der Lyayen Azərbaycan Milli QHT Forumu QHT Ramil İskəndərli
Ursula Fon der Lyayenin ofisi Azərbaycan Milli QHT Forumuna məktub ünvanlayıb - FOTO

Mənbə: apa.az

Xəbər Lenti