İRİA: Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi imkanları genişləndirilib

İRİA: Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi imkanları genişləndirilib

Tarix: 12 Jun 2026 18:17

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklər nəticəsində fiziki və hüquqi şəxslərin həm fərdi, həm də kollektiv müraciətlərinin elektron qaydada Elektron Hökumət İnformasiya Sistemindəki (EHİS) elektron kabinetləri üzərindən təqdim edilməsi və cavablandırılmasının hüquqi əsasları formalaşdırılıb.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) "APA-Economics"ə verilən məlumata görə, məqsəd şəxslərin qurumlar ilə qarşılıqlı əlaqələrinin daha çevik, əlçatan və səmərəli təşkilinin təminidir.

Dəyişikliyə əsasən, elektron müraciətlərin təqdim edilməsi, eləcə də vətəndaşların qəbula yazılması vasitələrinə şəxslərin EHİS-dəki elektron kabinetləri əlavə olunub. Elektron müraciətlərə müraciətə baxan subyekt və ya onun vəzifəli şəxsi tərəfindən müraciət edən şəxsin seçiminə uyğun olaraq EHİS-dəki elektron kabineti, elektron ünvanı və ya poçt ünvanına göndərilməklə yazılı cavab veriləcək.

Bununla yanaşı, EHİS üzərindən təqdim olunmuş müraciətlər istisna olmaqla, elektron müraciətlərdə qanunvericiliklə nəzərdə tutulmuş zəruri məlumatlar (EHİS vasitəsilə cavablandırılmasının istənildiyi hallarda fiziki şəxsin fərdi identifikasiya nömrəsi (FİN), hüquqi şəxsin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və ya elektron ünvan) göstərilmədikdə, müraciətə yazılı cavab poçt vasitəsilə göndəriləcək.

Vətəndaşların müraciətləri haqqında” Qanunun müddəaları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmadığı hallarda əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin müraciətlərinə də şamil edilir.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) Vətəndaş müraciətləri elektron

Mənbə: apa.az

Xəbər Lenti