Çərşənbə axşamı, 16 İyun, 2026
Tarix: 16 Jun 2026 14:20
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dünyanın aparıcı rəqəmsal transformasiya və İT konsaltinq şirkətlərindən olan “EPAM” ilə əməkdaşlığı çərçivəsində Azərbaycanda yeni mərkəz fəaliyyətə başlayıb. “EPAM Azərbaycan” MMC ölkədə informasiya texnologiyaları və süni intellekt sahəsində insan kapitalının inkişafına, gənc mütəxəssislərin beynəlxalq əmək bazarına hazırlanmasına və innovativ həllərin təşviqinə xidmət edəcək.
Yeni fəaliyyətə başlayan mərkəzdə gənclər yalnız nəzəri təlimlər deyil, eyni zamanda real layihələr üzərində işləmək imkanı əldə edirlər. Burada iştirakçılar gündəlik iş prosesinin bir hissəsi kimi praktik təcrübə qazanırlar, beynəlxalq səviyyədə tələb olunan peşəkar bacarıqlara yiyələnirlər. Bu məqsədlə mərkəzdə İRİA və “EPAM” tərəfindən birgə hazırlanmış “Karyera Mükəmməlliyi” proqramı həyata keçirilir. Hazırda proqrama 100 nəfər qəbul edilmişdir və 120 nəfər artıq işlə təmin olunmuşdur.
“İşə götür və öyrət” konsepti əsasında təşkil olunmuş proqram erkən karyera mərhələsində olan İT mütəxəssislərinin inkişafına yönəlib. Proqram çərçivəsində iştirakçılar əvvəlcə seçilərək işə qəbul olunur, daha sonra isə həm işləyir, həm də intensiv təlimlərdə iştirak edirlər. Beş ay davam edəcək proqram müddətində iştirakçılar “EPAM” komandasının üzvü kimi müxtəlif layihələrdə çalışır və təcrübəli mütəxəssislərin mentorluğu ilə peşəkar bacarıqlarını inkişaf etdirirlər.
Qeyd edək ki, İRİA ilə “EPAM” şirkəti arasında əməkdaşlıq 2025-ci ildən etibarən davam edir və bu çərçivədə “mygov Business” platformasının inkişafı, eləcə də süni intellekt əsaslı həllərin hazırlanması istiqamətində bir sıra layihələr həyata keçirilir. Eyni zamanda dövlət və özəl sektor qurumlarına süni intellekt texnologiyalarının tətbiqi, data əsaslı həllərin hazırlanması və rəqəmsal transformasiya proseslərinin sürətləndirilməsi sahələrində dəstək göstərilir. 55-dən çox ölkədə fəaliyyət göstərən, “Fortune 500” şirkətlərinə xidmət edən və “S&P 500” indeksində yer alan “EPAM” Azərbaycandakı fəaliyyəti ilə qlobal təcrübəni yerli bazarın ehtiyacları ilə inteqrasiya etməyi hədəfləyir.
APA-Economics iria
Mənbə: apa.az