Çərşənbə axşamı, 23 İyun, 2026
Tarix: 23 Jun 2026 17:52
15-19 iyun tarixlərində Serbiyanın paytaxtı Belqrad şəhərində Azərbaycan Respublikası Audiovizual Şurası, Serbiya Respublikasının Elektron Media üzrə Tənzimləyici Qurumu (REM) və Türkiyə Respublikasının Radio və Televiziya Ali Şurası (RTÜK) arasında üçtərəfli əməkdaşlıq çərçivəsində təcrübə mübadiləsi proqramının növbəti mərhələsi həyata keçirilib.
Bu barədə APA-ya Audiovizual Şuradan məlumat verilib.
Bildirilib ki, təşkil edilən təcrübə mübadiləsi proqramının əsas məqsədi audiovizual media sahəsində Azərbaycan, Türkiyə və Serbiya arasında üçtərəfli əməkdaşlığın inkişaf etdirilməsi, yayım fəaliyyətinin lisenziyalaşdırılması, qlobal video paylaşım platformalarının, o cümlədən sosial medianın inkişafı fonunda audiovizual media sahəsində yaranan yeni çağırışların müzakirəsi, rəqəmsal media xidmətlərinin təşviqi məsələləri ətrafında təcrübə və fikir mübadiləsi aparmaq olub. 5 gün davam edən görüşdə Audiovizual Şuranı sədrin müşaviri Haşim Əliməmmədzadə və Şura aparatının Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin aparıcı məsləhətçisi Törəxanım Zeynallı təmsil ediblər.
Təcrübə mübadiləsi proqramı çərçivəsində Azərbaycanda, Serbiyada və Türkiyədə tənzimləyici qurumların fəaliyyəti, media qanunvericiliyi, audovizual medianın cari vəziyyəti, lisenziyalaşdırma, monitorinq, nəzarət funksiyalarının həyata keçirilməsində müasir çağırışlar ətrafında məlumat və təcrübə mübadiləsi aparılıb, Serbiyanın regional ictimai yayımçısı olan Voyvodina İctimai Radio və Televiziyasına, televiziya və radio yayımının həyata keçirilməsində istifadə olunan Avala Qülləsinə, infrastruktur operatoru olan “Yayım Texnologiyaları və Əlaqələr” Məhdud Məsuliyyətli Cəmiyyətinə səfərlər təşkil olunub, Serbiyada yayım sektorunun cari vəziyyəti haqqında geniş məlumatlar əldə edilib.
Proqram çərçivəsində keçirilən sessiya və müzakirələr media tənzimlənməsi sahəsində müasir beynəlxalq yanaşmalarla tanış olmaq, qabaqcıl təcrübələri öyrənmək və rəqəmsal media mühitində tətbiq olunan yeni mexanizm və qlobal çağırışları izləmək baxımından əhəmiyyətli olmuş, media savadlılığı, audiovizual mediada nifrət nitqinə qarşı mübarizə və uşaqların hüquqlarının qorunması mövzularında fikir mübadiləsinin aparılması və qarşılıqlı təcrübədən istifadə baxımından mühüm rol oynayıb.
Qeyd edilib ki, təcrübə mübadiləsi proqramının növbəti, 4-cü mərhələsinin 2027-ci ildə RTÜK-ün təşkilatçılığı ilə Türkiyədə keçiriləcəyi barədə razılıq əldə olunub.
Günay Elşən Audiovizual Şura

Mənbə: apa.az