İRİA “Microsoft for Startups Investor Network” beynəlxalq proqramına qoşulub

İRİA “Microsoft for Startups Investor Network” beynəlxalq proqramına qoşulub

Tarix: 29 Jun 2026 18:01

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) “Microsoft” şirkəti ilə əməkdaşlığı çərçivəsində startaplar üçün mühüm beynəlxalq inkişaf və dəstək imkanı yaradılıb. Belə ki, İRİA “Microsoft” şirkətinin “Microsoft for Startups Investor Network” beynəlxalq proqramına qoşulub. Bu əməkdaşlıq yerli startapların qlobal texnologiya ekosisteminə inteqrasiyasını sürətləndirməklə yanaşı, onların beynəlxalq bazarlara çıxışını, innovativ məhsullarının inkişafını və miqyaslanmasını dəstəkləyəcək.

Proqram çərçivəsində seçilmiş startaplar “Microsoft” tərəfindən təqdim olunan geniş texnoloji və biznes imkanlarından faydalana biləcəklər. Buraya yüksək həcmli “Azure” bulud kreditləri, “Azure AI” infrastrukturu və süni intellekt xidmətlərinə çıxış, “GitHub Enterprise”, “LinkedIn” və “Visual Studio Enterprise” kimi məhsullardan istifadə imkanları, 24/7 texniki dəstək, eləcə də “Microsoft” mühəndisləri ilə birbaşa texniki konsultasiya sessiyaları daxildir. Eyni zamanda startaplar məhsullarının inkişafı və qlobal miqyasda böyüməsi üçün beynəlxalq innovasiya ekosisteminə çıxış əldə edəcəklər. Əməkdaşlıq çərçivəsində “Microsoft” nümayəndələrinin iştirakı ilə aylıq qiymətləndirmə və mentorluq mexanizmləri də tətbiq olunacaq. Bu yanaşma startapların inkişaf mərhələlərində daha effektiv istiqamətləndirilməsinə, texnoloji və biznes baxımından düzgün qərarlar qəbul etməsinə şərait yaradacaq.

Bu imkanlarla proqram startapların məhsul inkişafı mərhələsində dəstəklənməsi, süni intellekt və bulud texnologiyalarının tətbiqini genişləndirməyi, investisiya cəlbetmə potensialına malik startapları gücləndirməyi və onların qlobal rəqabət qabiliyyətini artırmağı hədəfləyir.

Startapların proqramda iştirakı üçün İRİA tərəfindən xüsusi müraciət mexanizmi yaradılıb. Texnologiya əsaslı innovativ məhsul və xidmət inkişaf etdirən startaplar ilkin olaraq müraciət formasını dolduraraq qeydiyyatdan keçirlər. Bu mərhələdə uyğun hesab edilən startaplara İRİA tərəfindən dəvət (referral) kodu təqdim olunur. Kodu əldə edən startaplar daha sonra “Microsoft”un müraciət platformasına daxil olaraq proqram üçün rəsmi qeydiyyat prosesini tamamlayırlar. Son qeydiyyat tarixi 1 dekabr 2026-cı ildir.

Daxil olan müraciətlər İRİA və “Microsoft” nümayəndələri ilə birlikdə aylıq əsasda qiymətləndiriləcək. Seçimlər hər ayın sonunda müraciət edən startaplar arasından həyata keçiriləcək və il ərzində orta hesabla 40-50 startapın proqramın təqdim etdiyi kredit və dəstək imkanlarından faydalanması nəzərdə tutulur.

Qiymətləndirmə “Microsoft” tərəfindən müəyyən edilmiş uyğunluq meyarları əsasında aparılacaq. Bu zaman startapın investisiya cəlbetmə potensialı və ya artıq investisiya əldə etməsi, məhsulun bazar traksiyası və inkişaf mərhələsi, təqdim olunan həllin innovativ və texnologiya əsaslı olması, məhsulun miqyaslana bilməsi, eləcə də “Microsoft Azure” və digər texnoloji həllərdən istifadə potensialı əsas amillər kimi nəzərə alınacaq.

APA-Economics İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA)

Mənbə: apa.az

Xəbər Lenti