Çərşənbə axşamı, 30 İyun, 2026
Tarix: 30 Jun 2026 12:07
Şuşada keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin birinci görüşü TDT çərçivəsində rəsmi dövlət qurumlarının dini sahədə ilk çoxtərəfli əməkdaşlıq formatıdır.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, bunu görüş çıxış edən Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov deyib.
Ramin Məmmədov bildirib ki, yeni platforma gələcək strateji əməkdaşlığın möhkəm təməlini təşkil edəcək.
Komitə sədri vurğulayıb ki, Türk Dövlətləri Təşkilatı regional sabitliyin və qlobal sülhün möhkəmləndirilməsində mühüm rol oynayan nüfuzlu geosiyasi güc mərkəzinə çevrilib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin "Bizim bir ailəmiz var, o da Türk dünyasıdır" prinsipi Türk dünyasının inteqrasiyasının əsas istiqamətlərindən biridir.
Ramin Məmmədov qeyd edib ki, TDT çərçivəsində dini sahədə dövlət qurumları arasında daimi əməkdaşlıq mexanizminin yaradılması ortaq mənəvi dəyərlərin qorunmasına, ideoloji təhlükəsizliyin möhkəmləndirilməsinə və radikalizmə qarşı birgə mübarizəyə xidmət edəcək.
O, həmçinin Azərbaycan İlahiyyat İnstitutunun potensialından istifadə etməklə TDT-yə üzv ölkələrin dini təhsil müəssisələri arasında elmi və akademik əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Ramin Məmmədov Azərbaycanın işğaldan azad olunmuş ərazilərində dağıdılmış dini-mədəni irsin bərpası və bu vandalizm faktlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində əməkdaşlığın gücləndirilməsinin də prioritetlərdən biri olduğunu bildirib.
Elgün Gəncimsoy
Mənbə: apa.az