Çərşənbə axşamı, 30 İyun, 2026
Tarix: 30 Jun 2026 16:55
Şuşada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin ilk görüşü başa çatıb.
APA-nın Qarabağ bürosu xəbər verir ki, tədbirdə Türk Dövlətləri Təşkilatının Baş katibi, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın dini sahədə səlahiyyətli dövlət qurumlarının rəhbərləri və nümayəndə heyətlərinin üzvləri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, bu tədbir Türk Dövlətləri Təşkilatı çərçivəsində dini məsələlər üzrə məsul dövlət qurumları arasında çoxtərəfli əməkdaşlığın institusional əsaslarını formalaşdırmaqla əlaqələrin möhkəmləndirilməsinə xidmət edir.
Ramin Məmmədov vurğulayıb ki, Türk Dövlətləri Təşkilatı bu gün regional sabitliyin və beynəlxalq əməkdaşlığın mühüm platformalarından birinə çevrilib.
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev tarixi Şuşa şəhərində keçirilən bu görüşün təşkilata üzv ölkələrin dini sahədə institusional əməkdaşlığının inkişafında yeni mərhələnin əsasını qoyacağını vurğulayıb.
Baş katib qeyd edib ki, ortaq tarix, mədəniyyət və mənəvi dəyərlər Türk dövlətləri arasında həmrəyliyin, eləcə də qarşılıqlı etimadın möhkəmlənməsinin əsas dayaqlarıdır.
Türkiyə Respublikasının Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş dini sahədə peşəkar kadr hazırlığının keyfiyyətinin yüksəldilməsinə, elmi əlaqələrin möhkəmlənməsinə, ortaq mənəvi dəyərlərin təbliğinə və türk dövlətlərinin gənc nəsilləri arasında həmrəyliyin daha da güclənməsinə xidmət edən təşəbbüslərə ehtiyac duyulduğunu diqqətə çatdırıb.
Qazaxıstan Respublikasının mədəniyyət və informasiya nazirinin müavini Rüstəm Əli Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini məsələlər üzrə məsul qurum rəhbərlərinin ilk toplantısının keçirilməsini yüksək qiymətləndirərək, təşəbbüsə və qonaqpərvərliyə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib.
Qırğız Respublikası Prezidenti yanında Dini Məsələlər və Millətlərarası Münasibətlər üzrə Milli Agentliyin sədri Talantbek Taşibekov dini siyasət sahəsində koordinasiyanın gücləndirilməsi, ekspert və akademik əməkdaşlığın genişləndirilməsi, dini savadlılığın artırılması və tolerantlıq mədəniyyətinin təşviqinə yönəlmiş birgə proqramların həyata keçirilməsinin vacibliyini vurğulayıb. O, gənclər arasında əlaqələrin inkişafının türk dövlətlərinin birliyinin daha da möhkəmlənməsinə xidmət edəcəyini bildirib.
Özbəkistan Respublikasının Dini Məsələlər Komitəsinin sədri Sodik Toşboyev din, eləcə də dini təhsil sahəsində əməkdaşlığın hüquqi əsaslarının daha da gücləndirilməsi məqsədilə TDT-yə üzv dövlətlərin müvafiq qurumlarının nümayəndələrindən ibarət işçi qrupunun yaradılması, dini təhsil müəssisələri arasında akademik mübadilənin genişləndirilməsi, ortaq elmi layihələrin həyata keçirilməsi və ziyarət turizminin inkişaf etdirilməsi təşəbbüsünü irəli sürüb.
Görüş İslam həmrəyliyinin təşviqi, dini radikalizmə, ekstremizmə qarşı mübarizə sahəsində təcrübə və məlumat mübadiləsinin gücləndirilməsi kimi məsələlərin müzakirəsi ilə davam edib.
***
12:03
Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci görüşü keçirilir.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, toplantıda TDT-nin Baş katibi, Azərbaycanın, Türkiyənin, Qazaxıstanın, Qırğızıstanın və Özbəkistanın dini sahəyə məsul dövlət qurumlarının rəhbərləri iştirak edirlər.
Görüşdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini maarifləndirmə, qanunvericilik, kadr hazırlığı, ortaq dini-mədəni irsin qorunması, məzhəblərarası və konfessiyalararası dialoqun inkişafı, dini radikalizm və ekstremizmə qarşı mübarizədə əməkdaşlıq məsələləri müzakirə olunur.
Toplantının yekununda tərəflərin razılaşdırılmış mövqeyini və gələcək əməkdaşlıq istiqamətlərini əks etdirən Kommünikenin imzalanması nəzərdə tutulur.
Elgün Gəncimsoy Şuşa TDT


Mənbə: apa.az