Çərşənbə axşamı, 30 İyun, 2026
Tarix: 30 Jun 2026 16:47
İsrail hökumətinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərar Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının maraqlarına zidd olmaqla yanaşı, regionda formalaşan yeni geosiyasi reallıqlara da uyğun gəlmir. Tarixi hadisələrin siyasi qərar predmetinə çevrilməsi beynəlxalq hüququn ruhuna, tarixi araşdırmaların obyektivlik prinsipinə və dövlətlər arasında etimadın möhkəmləndirilməsi məqsədlərinə xidmət etmir. Azərbaycan Xarici İşlər Nazirliyinin bu qərarla bağlı operativ və prinsipial mövqeyi isə bir daha nümayiş etdirdi ki, Bakı "bir millət, iki dövlət" prinsipinə yalnız bəyanatlarda deyil, ən həssas beynəlxalq məsələlərdə də sadiqdir.
Tarixi məsələlərin siyasiləşdirilməsi: Təhlükəli presedent
Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı son dərəcə prinsipial və beynəlxalq hüququn əsas prinsiplərinə söykənən mövqedir. Bəyanatda açıq şəkildə vurğulanır ki, İsrail hökumətinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərar ciddi narahatlıq doğurur. Qeyd olunur ki, 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması, mürəkkəb tarixi proseslərin hüquqi və elmi əsaslardan uzaq şəkildə siyasi qərar predmetinə çevrilməsi qəbuledilməzdir.
“Bu kimi addımlar barışıq və qarşılıqlı anlaşmaya deyil, mövcud ziddiyyətlərin daha da dərinləşməsinə xidmət edir, regionda davamlı sülh və barışıq səylərinə mane olur. Azərbaycan tarixi həqiqətlərin müdafiəsi, beynəlxalq hüququn prinsiplərinə hörmət və regionda davamlı sülhün təşviqi istiqamətində ardıcıl mövqeyini bundan sonra da davam etdirəcək”, - deyə bəyanatda bildirilir.
Azərbaycan XİN İsrail hökumətini qəbul etdiyi bu qərarı yenidən nəzərdən keçirməyə çağırır.
XİN-in bəyanatında təkcə Türkiyəyə deyil, ümumilikdə beynəlxalq münasibətlər sisteminə yanaşmada təhlükəli presedentin yarana biləcəyindən doğan narahatlıq ifadə olunub. Tarix siyasətçilərin deyil, tarixçilərin araşdırma predmetidir. Parlamentlərin və ya hökumətlərin yüz illər əvvəl baş vermiş hadisələr barədə siyasi hökm verməsi nə elmi yanaşmaya, nə də beynəlxalq hüququn prinsiplərinə uyğundur. Tarixi hadisələrin geosiyasi alətə çevrilməsi dövlətlər arasında etimadı gücləndirmir, əksinə, yeni qarşıdurmalar yaradır. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında haqlı olaraq qeyd edilir ki, bu cür addımlar barışığa və qarşılıqlı anlaşmaya deyil, mövcud ziddiyyətlərin daha da dərinləşməsinə xidmət edir. Məhz buna görə də Azərbaycanın mövqeyi prinsipialdır və beynəlxalq hüquqa əsaslanır.
Azərbaycanın mövqeyi "bir millət, iki dövlət" prinsipinin növbəti təsdiqidir
İsrail hökumətinin qərarından sonra Türkiyəyə açıq dəstək ifadə edən rəsmi dövlət bəyanatı verən yeganə ölkə Azərbaycan oldu. Bu isə təsadüfi deyil. Azərbaycanla Türkiyə arasında münasibətlər klassik müttəfiqlik çərçivəsini çoxdan aşaraq strateji qardaşlıq səviyyəsinə yüksəlib. "Bir millət, iki dövlət" prinsipi artıq konkret siyasi davranış modelidir. Çətin məqamlarda tərəflərin bir-birinin yanında olması bu modelin əsas mahiyyətini təşkil edir. Xarici İşlər Nazirliyinin bəyanatı da məhz bu siyasi xəttin növbəti praktik ifadəsi oldu. Azərbaycan daim Türkiyənin milli maraqlarına toxunan məsələlərdə prinsipial mövqe nümayiş etdirib. Necə ki, Türkiyə 44 günlük Vətən müharibəsində ilk gündən Azərbaycanın yanında idi, eyni şəkildə Azərbaycan da Türkiyənin maraqlarını hədəfə alan məsələlərdə açıq və qətiyyətli mövqe sərgiləyir. Bu qarşılıqlı etimad strateji müttəfiqliyin əsas dayağıdır.
Türkiyədə Bakıya qarşı aparılan təbliğata cavab
Son illər bəzi dairələr Türkiyə ictimai rəyində Azərbaycanı əsassız şəkildə "İsrail yanlısı" kimi təqdim etməyə çalışırdı. Təəssüf ki, müəyyən siyasi dairələr və bəzi media platformaları da Azərbaycanı guya İsrailə yaxın olmaqda ittiham edir, bunu Türkiyədə ictimai rəyə təsir vasitəsinə çevirməyə cəhd göstərirdi. Hətta "müsəlman həmrəyliyi" arqumentindən istifadə edərək Bakını tənqid edənlər də vardı. Halbuki daim Azərbaycanın xarici siyasətinin əsasını milli maraqlar, beynəlxalq hüquq və strateji müttəfiqlik təşkil edir. İsrail hökumətinin qərarından dərhal sonra məhz Azərbaycanın Türkiyəyə açıq dəstək verməsi isə həmin iddiaların tam əsassız olduğunu nümayiş etdirdi. Bu gün Türkiyənin yanında ilk dayanan yenə də Azərbaycan oldu. Bu isə müxtəlif spekulyasiyalara ən tutarlı cavabdır.
Fələstin İsrailin “erməni soyqırımı” qərarına niyə susur?
Mövcud vəziyyət Türkiyə üçün də mühüm siyasi nəticələr çıxarmaq baxımından əhəmiyyətlidir. Son illərdə Türkiyə Fələstin məsələsində son dərəcə prinsipial mövqe nümayiş etdirib. Ankara beynəlxalq platformalarda Fələstin xalqının hüquqlarını ardıcıl müdafiə edib, ciddi siyasi və diplomatik dəstək göstərib, böyük humanitar yardım proqramları həyata keçirib, Fələstinə, Qəzzaya görə Türkiyə ilə İsrail arasında münasibətlər kəsilib, hətta düşmənçilik səviyyəsinə çatıb. Lakin İsrail hökumətinin Türkiyəyə qarşı bu addımından sonra Fələstin tərəfindən Ankaranı müdafiə edən analoji rəsmi mövqe ortaya qoyulmadı. Bu amil isə diqqətdən yayına bilməz. Beynəlxalq münasibətlərdə dostluq yalnız bəyanatlarla deyil, konkret addımlarla ölçülür. Əsl müttəfiq çətin gündə yanında olandır. Azərbaycan bunu bir daha nümayiş etdirdi.
Tarixi fakt: Yasir Ərafatın erməni rəsmiləri ilə sıx münasibətləri
Regionun siyasi tarixində də müəyyən vacib faktlar mövcuddur ki, bunlar da unudulmamalıdır. Vaxtilə Fələstin lideri Yasir Ərafatın erməni rəsmiləri ilə sıx münasibətlərinin olduğu heç kəsə sirr deyil. Eyni zamanda, Fələstinin hazırkı xarici işlər nazirinin erməni mənşəli olunması da bəllidir. Bundan əlavə, müxtəlif dövrlərdə Fələstin və Livan ərazilərində erməni terror təşkilatlarının düşərgələrinin fəaliyyət göstərməsi barədə kifayət qədər fakt var. Həmin terror qrupları ötən əsrin müxtəlif dövrlərində türk diplomatlarına qarşı çoxsaylı terror aktları törədiblər. Bütün bunlar regionun mürəkkəb siyasi tarixinin tərkib hissəsidir və qiymətləndirmələr aparılarkən nəzərə alınmalıdır. Tarixi faktların obyektiv şəkildə öyrənilməsi emosional yanaşmadan daha vacibdir.
Türkiyənin həqiqi dostlarını və tərəfdaşlarını yenidən qiymətləndirməsi üçün imkan
İsrail hökumətinin bu qərarı həm İsrail-Türkiyə münasibətlərinə, həm də İsrailin Azərbaycanla strateji tərəfdaşlığına mənfi təsir göstərə biləcək addımdır. Azərbaycanla İsrail arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlıq mövcuddur. Türkiyə ilə İsrail arasında da münasibətlərin normallaşmasının region üçün mühüm əhəmiyyət daşıdığı dəfələrlə vurğulanıb. Belə bir şəraitdə tarixi mübahisələri siyasi qərar səviyyəsinə qaldırmaq heç bir tərəfin maraqlarına xidmət etmir. Azərbaycan Xarici İşlər Nazirliyinin İsrail hökumətini qərarı yenidən nəzərdən keçirməyə çağırması konstruktiv və məsuliyyətli yanaşmadır. İsrail rəhbərliyinin bu məsələyə yenidən baxması isə ən doğru addım olardı. Tarixi hadisələr siyasi mübarizə vasitəsinə çevrilməməlidir. Dövlətlər arasında münasibətlər qarşılıqlı hörmətə, beynəlxalq hüquqa və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanmalıdır. Azərbaycan bundan sonra da tarixi həqiqətlərin müdafiəsi, beynəlxalq hüququn prinsiplərinə hörmət və regionda davamlı sülhün təşviqi istiqamətində ardıcıl siyasətini davam etdirəcək. Bu mövqe həm Azərbaycanın milli maraqlarına, həm də regionda sabitliyin qorunmasına xidmət edir.
Yaranmış mənzərə və reallığı isə Türkiyənin həqiqi dostlarını və etibar edə biləcəyi tərəfdaşlarını yenidən qiymətləndirməsi üçün həm də bir imkan hesab etmək olar.
İsrail qondarma “erməni soyqırımı” Türkiyə AzərbaycanMənbə: apa.az