Çərşənbə, 1 İyul, 2026
Tarix: 01 Jul 2026 15:35
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin əməkdaşlığı çərçivəsində 29 – 30 iyun 2026-cı il tarixlərində “Rəqəmsal hökumətin inkişafı” mövzusunda vörkşop keçirilib.
"APA-Economics" xəbər verir ki, iki gün davam edən vörkşopda dövlət qurumlarının nümayəndələri, özəl sektor və beynəlxalq təşkilatların rəqəmsal idarəetmə üzrə ekspertləri bir araya gəlib. Azərbaycanın rəqəmsal inkişafı, bu sahədə görülən işlər və gələcək inkişaf prioritetləri ətrafında fikir mübadiləsi aparılıb.
Belə ki, vörkşop ərzində rəqəmsal hökumət sahəsində əldə edilən nailiyyətlər və strateji prioritetlər nəzərdən keçirilib. Dövlət qurumlarının nümayəndələri rəqəmsal transformasiya sahəsində əldə olunmuş əsas nəticələr və mövcud çağırışlar haqqında təqdimatlar edərək rəqəmsal xidmətlərin yetkinlik səviyyəsi və təşkilati potensialla bağlı praktik müzakirələr aparıblar. Müzakirələr zamanı Azərbaycanın süni intellekt əsaslı rəqəmsal hökumət mərhələsinə hazırlıq məsələsinə xüsusi diqqət yetirilib.
Vörkşopda həm yerli, həm də beynəlxalq ekspertlər rəqəmsal hökumətin inkişafı, qurumlararası koordinasiya, nəticələrin ölçülməsi və qiymətləndirilməsinə əsaslanan siyasət quruculuğu, vətəndaşyönümlü rəqəmsal xidmətlərin transformasiyası və yeni texnoloji tendensiyalar üzrə yanaşmalar və qabaqcıl təcrübəni iştirakçılarla bölüşüblər.
İRİA-nın İdarə Heyəti sədrinin müavini Şahin Əliyev vörkşopun Azərbaycan üçün əhəmiyyətini vurğulayıb: “Azərbaycanın rəqəmsal hökumət sahəsində əldə etdiyi nailiyyətlər, süni intellektə hazırlıq, kibertəhlükəsizlik, Dayanıqlı İnkişaf Məqsədləri və inklüziv rəqəmsal transformasiya ilə bağlı iki gün ərzində olduqca məhsuldar müzakirələr apardıq. Hesab edirəm ki, bu vörkşop Azərbaycanda qurumlararası koordinasiyanın gücləndirilməsinə və milli prioritetlərin həyata keçirilməsinə mühüm töhfə verəcəkdir”.
BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin Dövlət İnstitutları və Rəqəmsal Hökumət Bölməsinin rəqəmsal hökumət üzrə rəhbəri Vinçenzo Akvaro vökşopun Azərbaycanın rəqəmsal inkişaf yolunda mühüm dəyər formalaşdırdığını bildirib: “Bu vörkşopda biz Azərbaycanın müasir, təhlükəsiz və vətəndaşmərkəzli rəqəmsal hökumət quruculuğuna məqsədyönlü yanaşmasının şahidi olduq. Dövlət qurumları, özəl sektor, akademik və beynəlxalq tərəfdaşlar bir araya gələrək Azərbaycanda əldə olunmuş nəticələr və milli rəqəmsal prioritetlərin reallaşdırılmasına dair əhəmiyyətli fikir mübadiləsi apardılar”.
Qeyd edək ki, “Rəqəmsal hökumətin inkişafı” vörkşopunun keçirilməsində əsas məqsəd rəqəmsal transformasiya sahəsində əldə olunmuş nəticələr və gələcək prioritetlərin müzakirə və təhlil edilməsidir.
APA-Economics İRİA BMT Rəqəmsal hökumət








Mənbə: apa.az