Komissiya sədri: Kiberhücumların sayı, miqyası və mürəkkəbliyi sürətlə artır

Komissiya sədri: Kiberhücumların sayı, miqyası və mürəkkəbliyi sürətlə artır

Tarix: 09 Jul 2026 15:30

"Birinci vitse-prezidentimizin çıxışında vacib tezislərdən biri Şuranın məqsədi ilə bağlı idi".

APA xəbər verir ki, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov "Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması" mövzusunda ictimai dinləmə zamanı deyib.

O bildirib ki, burada yalnız yeni texnologiyaları tətbiq etmək deyil, eyni zamanda, ölkə iqtisadiyyatına güclü təkan vermək, investisiyalar cəlb etmək, yerli startaplara dəstək olmaq və daha səmərəli dövlət idarəetmə sistemi yaratmaq əsas hədəflər içindədir:

"Bundan başqa, kibertəhlükəsizlik mövzusu iclasın mərkəzi mesajlarından biri oldu. Birinci vitse-prezident qeyd etdi ki, süni intellektin inkişafı bu gün proqnozlaşdırılandan da sürətli gedir və bu, yeni imkanlarla yanaşı təhlükələr də yaradır. Ona görə də kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsindəki risklərə hazır olmaq indi hər zamankından daha vacibdir.

Bəs nə üçün kibertəhlükəsizlik bu qədər önəmlidir? Rəqəmsallaşmanın dərinləşməsi ilə paralel olaraq hibrid təhdidlərin mühüm komponenti olan kiberhücumların sayı, miqyası və mürəkkəbliyi sürətlə artır".

Ramid Namazov qeyd edib ki, Dünya İqtisadi Forumu kibertəhlükəsizlik risklərini və texnologiya vasitəsilə aparılan məkrli fəaliyyətləri qlobal təhdidlər siyahısının önündə qiymətləndirir: "Süni intellektdən istifadə olunmaqla həyata keçirilən kiberhücumlar, təchizat zənciri riskləri və kritik informasiya infrastrukturuna qarşı yönəlmiş hədəfli təhdidlər artıq gündəlik baş verən reallıqdır.

Fevral ayında keçirilən müşavirədə möhtərəm Prezidentimiz də açıq şəkildə bildirdi ki, ölkəmiz ötən il çox mütəşəkkil və aqressiv kiberhücuma məruz qalıb. Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası da vaxtaşırı və xüsusi hallarda ölkəmizə qarşı həyata keçirilən hibrid təhdidlərlə bağlı ictimaiyyəti məlumatlandırır.

Bu faktlar bir daha onu göstərir ki, ölkəmizdə rəqəmsallaşma prosesi dərinləşdikcə və geosiyasi vəziyyət dəyişdikcə kibertəhlükəsizlik artıq texniki deyil, birbaşa milli təhlükəsizlik məsələsinə çevrilir".

Toğrul Quluzadə

Mənbə: apa.az

Xəbər Lenti