Azərbaycanda rəqəmsal inkişaf üzrə 58 təşəbbüsün icrasına başlanılıb

Azərbaycanda rəqəmsal inkişaf üzrə 58 təşəbbüsün icrasına başlanılıb

Tarix: 09 Jul 2026 16:12

Son illər Azərbaycanda rəqəmsal inkişaf sahəsində sistemli islahatlar həyata keçirilir və bu proses ölkə rəhbərliyinin nəzarəti altında ardıcıl şəkildə davam etdirilir.

APA xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov Milli Məclisdə “Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması” mövzusunda ictimai dinləmədə deyib.

Rəşad Həsənov Rəqəmsal İnkişaf Şurasının yaradılmasını, fəaliyyət planının təsdiqini və strateji hədəflərin müəyyənləşdirilməsini bu istiqamətdə mühüm addım kimi qiymətləndirib.

O qeyd edib ki, fəaliyyət planı dörd əsas istiqaməti əhatə edir: dövlət xidmətlərinin rəqəmsallaşdırılması, məlumatların idarə olunması və inteqrasiyası, innovasiya ekosisteminin inkişafı və kibertəhlükəsizliyin gücləndirilməsi.

Bu çərçivədə müəyyən edilmiş 58 təşəbbüs üzrə icra işlərinə başlanıldığını bildirən nazir müavininin sözlərinə görə, əsas prioritetlərdən biri müxtəlif dövlət qurumlarında saxlanılan məlumatların vahid dövlət məlumat bazasında birləşdirilməsi, dövlət xidmətlərinin inteqrasiyası və avtomatlaşdırılmasıdır. Belə ki, bu yanaşma həm dövlət idarəçiliyinin səmərəliliyini artıracaq, həm də vətəndaşların xidmətlərə daha sürətli və rahat çıxışını təmin edəcək.

Rəşad Həsənov nümunə olaraq doğumun qeydiyyatı ilə bağlı müxtəlif dövlət qurumları arasında məlumat mübadiləsinin avtomatlaşdırılmasını göstərib. O əlavə edib ki, bu, vətəndaşların bir çox xidməti əlavə müraciət etmədən əldə etməsinə imkan yaradır.

Toğrul Quluzadə

Mənbə: apa.az

Xəbər Lenti