Cümə axşamı, 9 İyul, 2026
Tarix: 09 Jul 2026 17:22
NATO-nun Ankarada keçirilən sammiti təkcə növbəti zirvə görüşü deyil, həm də müasir beynəlxalq təhlükəsizlik sistemində Türkiyənin artan strateji rolunun nümayişi kimi qiymətləndirilə bilər. Son illərdə qlobal geosiyasi vəziyyətin kəskin dəyişməsi, Avropanın təhlükəsizlik arxitekturasının yenidən formalaşması, Ukrayna müharibəsi, Yaxın Şərqdə gərginliyin davam etməsi və Qara dəniz regionunun strateji əhəmiyyətinin artması NATO-nu yeni təhlükəsizlik yanaşmaları formalaşdırmağa vadar edir. Məhz belə bir şəraitdə sammitin Ankarada keçirilməsi Türkiyənin alyans üçün əhəmiyyətinin daha da artdığını göstərən mühüm siyasi mesaj kimi dəyərləndirilir.
Sammit NATO-nun qarşıdakı dövr üçün siyasi və hərbi prioritetlərinin müzakirə olunduğu əsas platformalardan biri oldu. Alyansın Rusiyaya münasibəti, Ukraynaya dəstək siyasəti, kollektiv müdafiə mexanizmlərinin gücləndirilməsi, transatlantik münasibətlərin gələcəyi və yeni təhlükəsizlik çağırışlarına qarşı vahid yanaşmanın formalaşdırılması görüşün əsas mövzularını təşkil etdi.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, politoloq Zaur Məmmədov hesab edir ki, Ankara sammiti NATO-nun gələcək inkişaf strategiyasını, kollektiv təhlükəsizlik konsepsiyasını və transatlantik həmrəyliyin yeni konturlarını müəyyənləşdirən mühüm geosiyasi platforma kimi xüsusi əhəmiyyət kəsb edir.
O qeyd edir ki, NATO-nun Ankara sammiti olduqca mühüm əhəmiyyət daşıyır: “Sammitin vacibliyi ondan irəli gəlirdi ki, bir sıra strateji məsələlərə aydınlıq gətirilməsi zəruri idi. Bu məsələlər sırasında NATO-nun gələcək siyasəti, Rusiyaya münasibəti, Ukrayna ilə bağlı mövqeyi, ortaq təhdidlərə qarşı hansı formada davranacağı, eləcə də ABŞ ilə Avropa arasında münasibətlər xüsusi yer tuturdu”.
Politoloqun sözlərinə görə, sammitdə keçirilən müzakirələr göstərdi ki, NATO daxilində ortaq təhlükəsizlik strategiyasının daha da gücləndirilməsi artıq zərurət kimi qəbul olunur: “Sammitdə NATO bir daha Rusiyanı özü üçün ən böyük rəqib və əsas təhlükə kimi qiymətləndirib. İstər Avropa ölkələrinin, istər Türkiyənin, istər ABŞ-ın, eləcə də sammitdə iştirak edən qonaqların keçirdiyi müzakirələr göstərdi ki, artıq Qərbdə vahid siyasətin aparılmasının vacibliyi daha aydın şəkildə dərk olunur. Bu baxımdan Ankara görüşü xüsusi əhəmiyyət daşıyırdı”.
Bu baxımdan Ankara sammiti yalnız cari məsələlərin müzakirəsi ilə məhdudlaşmadı, həm də NATO daxilində gələcək strateji yanaşmaların müəyyənləşdirilməsi baxımından mühüm mərhələ kimi yadda qaldı.
Türkiyənin geostrateji mövqeyi NATO üçün alternativsiz əhəmiyyət daşıyır
NATO-nun Ankarada toplanmasının əsas siyasi mesajlarından biri də Türkiyənin alyansın təhlükəsizlik sistemində tutduğu xüsusi yerin bir daha təsdiqlənməsi oldu. Türkiyə 1952-ci ildə NATO-ya qəbul edilərkən onun geostrateji mövqeyi əsas üstünlüklərdən biri hesab olunurdu. Aradan keçən onilliklər ərzində bu əhəmiyyət azalmayıb, əksinə, daha da artıb.
Qara dənizə çıxışı təmin edən boğazlara nəzarət, Avropa ilə Asiyanı birləşdirən mövqe, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiyaya yaxınlıq Türkiyəni NATO üçün strateji baxımdan əvəzolunmaz dövlətə çevirir. Bu gün alyansın həm şərq, həm də cənub cinahında təhlükəsizlik məsələlərinin böyük hissəsi birbaşa Türkiyə ilə bağlıdır.
Politoloq Zaur Məmmədovun fikrincə, Türkiyə artıq NATO daxilində sadəcə mühüm üzv deyil, alyansın müxtəlif regionlarını birləşdirən əsas qüvvədir: “Bu gün Türkiyə NATO-nun birləşdirici qüvvəsidir. Türkiyə olmasa, NATO-nun həm şərq, həm də cənub cinahı ciddi çağırışlarla üz-üzə qala bilər. İstər Yaxın Şərqdə, istər İran istiqamətində, istər Mərkəzi Asiyada, istərsə də Avropanın şərqində Türkiyə amili mühüm əhəmiyyət kəsb edir”.
Ekspert deyir ki, məhz bu geosiyasi reallıq Türkiyəni NATO-nun gələcək təhlükəsizlik konsepsiyasının ayrılmaz hissəsinə çevirir.
Hərbi potensial və müdafiə sənayesi Türkiyənin strateji çəkisini daha da artırır
Türkiyənin alyans daxilindəki rolunu gücləndirən əsas amillərdən biri də onun hərbi imkanlarıdır. ABŞ-dan sonra NATO-nun ikinci ən böyük ordusuna malik olan Türkiyə son illərdə müdafiə sənayesində də mühüm nailiyyətlər əldə edib. Yerli pilotsuz uçuş aparatları, raket sistemləri, hərbi gəmilər, zirehli texnika və milli döyüş təyyarəsi KAAN layihəsi ölkənin müdafiə sənayesinin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir.
Zaur Məmmədov hesab edir ki, bu potensial NATO üçün strateji əhəmiyyət daşıyır: “Türkiyə ordusunun say tərkibi, hərbi texnikası, ümumi hərbi gücü və iqtisadi potensialı NATO üçün strateji əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, bu məsələlər Donald Tramp tərəfindən də xüsusi vurğulanıb”.
Politoloq bildirir ki, sammitdə Ukrayna ilə bağlı qəbul edilən qərarlar və maliyyələşmə məsələləri mühüm olsa da, daha vacib nəticə Türkiyənin alyans üçün əvəzolunmaz rolunun daha aydın şəkildə qəbul edilməsidir: “Türkiyə olmadan NATO-nu qorumaq mümkün deyil, alyansın müdafiə qabiliyyəti ciddi şəkildə zəifləyə bilər və gələcəkdə onun genişlənməsi də çətinləşər”.
Bu yanaşma göstərir ki, NATO-nun gələcək təhlükəsizlik strategiyası Türkiyənin hərbi potensialı və müdafiə imkanları nəzərə alınmadan formalaşdırıla bilməz.
Ankara sammiti Türkiyənin beynəlxalq nüfuzunun artdığını bir daha nümayiş etdirdi
Sammitin diqqət çəkən məqamlarından biri ABŞ Prezidenti Donald Trampın Ankaraya səfəri oldu. Bu səfər diplomatik baxımdan da mühüm mesajlar verdi və Türkiyənin alyans daxilindəki siyasi çəkisinin göstəricilərindən biri kimi qiymətləndirildi.
“Donald Trampın Ankaraya gəlməsi diqqətçəkən məqamlardan biri idi. Trampın “əgər başqa yerdə olsaydı, getməzdim” deməsi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana böyük hörmət bəslədiyini ifadə etməsi Türkiyənin NATO daxilindəki rolunun göstəricisidir”, - politoloq vurğulayıb.
Ekspertin fikrincə, son illərdə Ankaranın həyata keçirdiyi fəal xarici siyasət, güclü müdafiə sənayesi və regional böhranların həllində oynadığı rol Türkiyənin beynəlxalq nüfuzunu daha da artırıb: “Türkiyə bu gün NATO-nun əsas dayaqlarından və əsas qoruyucu qüvvələrindən biridir. Türkiyəsiz NATO-nun mövcudluğu ilə bağlı risklər artıq Avropa ölkələri tərəfindən də getdikcə daha yaxşı başa düşülür. Bütün bunlar rəsmi Ankaranın həyata keçirdiyi fəal xarici siyasətin, güclü ordunun və geosiyasi məsələlərdə ortaya qoyduğu prinsipial mövqenin nəticəsidir”.
Politoloq əlavə edib ki, hazırkı mürəkkəb beynəlxalq şərait NATO ölkələrinin daha sıx siyasi koordinasiyasını zəruri edir: “NATO ölkələri nə qədər tez vahid ideoloji və siyasi yanaşmanın vacibliyini dərk etsələr, ortaq amal uğrunda birlik nümayiş etdirsələr, bu, alyansın gələcəyi və təhlükəsizliyi baxımından bir o qədər müsbət nəticələr verəcək”.
Bütün bunlar göstərir ki, Ankara sammiti yalnız NATO-nun növbəti zirvə görüşü deyil, həm də Türkiyənin alyans daxilində artan strateji çəkisinin, diplomatik nüfuzunun və təhlükəsizlik sistemində oynadığı həlledici rolun bir daha təsdiqləndiyi mühüm geosiyasi hadisə kimi qiymətləndirilə bilər.
Faiq Mahmudov NATO Tramp Ukrayna müharibəsi Yaxın Şərq Qara dəniz NATO-nun Ankara sammitiMənbə: apa.az