Bazar, 12 İyul, 2026
Tarix: 12 Jul 2026 03:25
İran İslam İnqilabı Keşikçiləri Korpusu — SEPAH Hörmüz boğazının növbəti göstərişədək bağlandığını açıqlayıb.
APA-nın Tehran bürosu xəbər verir ki, SEPAH yaydığı bəyanatda xarici müdaxilələr və gəmilərin Hörmüz boğazında qeyri-qanuni marşrutlarla hərəkəti barədə əvvəlki xəbərdarlıqlarını xatırladıb.
Bəyanatda bildirilib ki, bu cür addımlar SEPAH-ın reaksiyasına və boğazda gəmi hərəkətinin pozulmasına səbəb olacaq.
Qeyd olunub ki, bir neçə saat əvvəl bu xəbərdarlıqlara məhəl qoyulmayıb. Xarici qüvvələrin təhriki ilə bir neçə gəmi təsdiqlənməmiş marşrutla hərəkət etməyə cəhd göstərib, onlara edilən xəbərdarlıqlara və marşrutun dəyişdirilməsi ilə bağlı göstərişlərə əməl etməyib.
SEPAH bildirib ki, nəticədə öz identifikasiya sistemlərini söndürərək dəniz təhlükəsizliyini təhlükə altına atan gəmilərdən biri xəbərdarlıq məqsədilə açılan raket atəşi ilə vurularaq dayandırılıb.
İnqilab Keşikçiləri əlavə edib ki, hadisədən sonra xarici qüvvələrin qanunsuz müdaxiləsi nəticəsində yaranmış təhlükəsizlik problemi səbəbindən Hörmüz boğazı növbəti göstərişədək və ABŞ-ın bölgədəki müdaxilələri başa çatanadək bağlanır.
Bəyanata əsasən, bu müddətdə heç bir gəminin boğazdan keçidinə icazə verilməyəcək.
SEPAH həmçinin xəbərdarlıq edib ki, əgər “təcavüzkar tərəf” bu hadisəni bəhanə edərək yeni hücum həyata keçirsə, buna sərt cavab veriləcək və bölgədəki əlavə düşmən bazaları hədəfə alınacaq.
Bəyanatın sonunda qeyd olunub ki, bu cür müdaxilələrin bütün nəticələrinə ABŞ, İsrail və öz ərazilərini düşmən bazalarının istifadəsinə verən ölkələr cavabdehdir.
İran Hörmüz boğazı SEPAH
Mənbə: apa.az