Nazir müavini: Daha 7 dövlət tətbiqi myGov-a inteqrasiya olunacaq

Nazir müavini: Daha 7 dövlət tətbiqi myGov-a inteqrasiya olunacaq

Tarix: 15 Jul 2026 10:35

Azərbaycanda ilin sonuna qədər daha 7 dövlət tətbiqinin myGov platformasına inteqrasiyası planlaşdırılır.

"APA-Economics" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma" mövzusunda dəyirmi masada deyib.

Onun sözlərinə görə, müxtəlif dövlət qurumlarının ayrıca fəaliyyət göstərən rəqəmsal xidmətlərinin vahid myGov platformasında birləşdirilməsi istiqamətində işlər aparılır. Məqsəd vətəndaşların bütün dövlət xidmətlərindən vahid platforma üzərindən istifadə imkanlarını genişləndirməkdir.

Nazir müavini bildirib ki, hazırda dövlət qurumlarının məlumat bazaları arasında vahid yanaşmanın olmaması və informasiya sistemlərinin tam inteqrasiya edilməməsi məlumatlardan səmərəli istifadəni məhdudlaşdırır. Bu səbəbdən ilkin addım kimi dövlətə məxsus mərkəzləşdirilmiş məlumat hövzəsinin yaradılması istiqamətində işlərə başlanılıb.

O əlavə edib ki, vahid platformaya keçid vətəndaşlara praktik xidmətlərin göstərilməsini asanlaşdıracaq. Məsələn, əvvəllər doğum hadisəsinin rəsmiləşdirilməsi üçün müxtəlif dövlət qurumlarında ayrı-ayrı sənədləşmə tələb olunurdusa, gələcəkdə bu prosesin myGov üzərindən vahid şəkildə həyata keçirilməsi mümkün olacaq. Analoji yanaşmanın digər dövlət xidmətlərinə də tətbiqi nəzərdə tutulur.

Rahim Tarıverdiyev Rəqəmsal inkişaf və nəqliyyat naziri müavin Rəşad Həsənov

Mənbə: apa.az

Xəbər Lenti