“FLYONE” Kişineu ilə Bakı arasında birbaşa müntəzəm uçuşlara başlayıb

“FLYONE” Kişineu ilə Bakı arasında birbaşa müntəzəm uçuşlara başlayıb

Tarix: 16 Jul 2026 14:05

Moldovanın aşağıbüdcəli aviaşirkəti “FLYONE” Kişineu ilə Bakı arasında birbaşa müntəzəm uçuşların icrasına başlayıb. Yeni marşrut üzrə 16 iyul 2026-cı il tarixində həyata keçirilən ilk reys Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanıb.

Heydər Əliyev Beynəlxalq Aeroportundan "APA-Economics"ə verilən məlumata görə, Kişineu – Bakı – Kişineu marşrutu üzrə uçuşlar həftədə üç dəfə - çərşənbə, cümə axşamı və bazar günləri həyata keçiriləcək. Yeni marşrut Azərbaycan və Moldova arasında birbaşa hava əlaqələrini genişləndirərək sərnişinlər üçün daha rahat və əlçatan səyahət imkanları yaradır.

“FLYONE” aviaşirkətinin Bakı istiqamətində fəaliyyətə başlaması Heydər Əliyev Beynəlxalq Aeroportunun aviaşirkət portfelinin və beynəlxalq marşrut şəbəkəsinin genişləndirilməsi istiqamətində atılan növbəti addımdır. Yeni reyslər Bakı ilə Kişineu arasında birbaşa hava əlaqələrinin gücləndirilməsinə və iki ölkə arasında mobilliyin artmasına töhfə verəcək.

Uçuş cədvəli, aviabiletlər və digər xidmətlərlə bağlı ətraflı məlumatı “FLYONE” aviaşirkətinin rəsmi satış kanallarından əldə etmək mümkündür.

Emil İsmayılov Heydər Əliyev Beynəlxalq Aeroportu Kişineu

Mənbə: apa.az

Xəbər Lenti