- Çərşənbə axşamı, 24 Dekabr, 2024
Tarix: 15.05.2024 20:52
Bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə Beynəlxalq GSM Assosiasiyasının (GSMA) Azərbaycanda sayca ikinci “GSMA M360 Eurasia” konfransı başlayıb. "APA-Economics" xəbər verir ki, Bakıda keçirilən konfransın ilk günündə telekommunikasiya və rəqəmsal texnologiyalar sahəsinin aparıcı ekspertləri, region üzrə tənzimləyici qurumların nümayəndələri iştirak edib. Tədbirdə müasir dövrdə rəqəmsallaşma sahəsindəki problemlər, süni intellektdən müxtəlif sektorlarda istifadə və digər məsələlər üzrə çıxışlar səsləndirilib, panel müzakirələri aparılıb. Tədbiri giriş sözü ilə açan GSMA-nın Tənzimləmə üzrə baş direktoru Сon Custi bu tədbirin Bakıda COP29-un yaxınlaşdığı ərəfədə keçirilməsinin önəmli olduğunu bildirib: "İlin sonunda Bakıda keçiriləcək COP29 ətraf mühit və davamlılıq baxımından çox vacibdir. Bu il görüləcək çox iş var. COP29 bu istiqamətdə çox vacib tədbirdir. Bu gün mobil sənayenin təqribən üçdə ikisi gəlirlərinə görə yaxın perspektivdə elmə əsaslanan hədəflərlə karbon emissiyalarını azaltmağı öz öhdəsinə götürüb". Növbəti çıxışda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Azərbaycan hökumətinin rəqəmsallaşmaya böyük əhəmiyyət verdiyini vurğulayıb: "Rəqəmsallaşma Azərbaycanda iqtisadi inkişafa və məhsuldarlığın artımına müsbət təsir edir. Bu, xidmətlər və məlumatlara çıxış əldə etməyə imkan yaradır. Eyni zamanda, rəqəmsallaşma səhiyyə, idarəetmə və təhsil sahəsinə töhfə verir. Azərbaycanda rəqəmsallaşmanın inkişaf strategiyası hazırlanıb. Strategiya rəqəmsal hökumət, rəqəmsal cəmiyyət, rəqəmsal biznes kimi üç sütundan ibarədir. Rəqəmsallaşma istiqamətində 500 KOB subyektini dəstəkləyirik. Ölkə əhalisinin 65 %-i rəqəmsal İD-dən istifadə edir". Həmçinin nazir müavini tədbirin baş sponsoru olan "Azercell"in rəqəmsallaşma sahəsində gördüyü işlərə də diqqət çəkib. S.Məmmədov Azercell şirkətinin 18 ayda 300-dən çox yeni baza stansiyası quraşdırdığını və bununla da ölkədə internet keyfiyyətinin artırılmasına öz töhfəsini verdiyini bildirib. Beynəlxalq Telekommunikasiya İttifaqının MDB üzrə regional direktoru Natalia Moçu isə öz çıxışı zamanı təmsil etdiyi qurumda Azərbaycanın aktiv olduğunu və fəaliyyəti ilə diqqət çəkdiyini deyib:
"Qlobal ictimaiyyət ITU-nun BMT-nin digər qurumları ilə birlikdə 2030-cu il üçün irəli sürdüyü infrastruktur, xidmət keyfiyyəti, gənclər, gender və digər məsələlərdən xəbərdar olacaq. MDB regionunda əhalinin 89%-i internetdən istifadə edir. Biz şəhərlə kənd arasındakı fərqdən danışarkən MDB regionunda kifayət qədər yüksək rəqəmlərin şahidi oluruq. Kənd yerlərində internetə çıxışda hələ də müəyyən boşluqlar var. MDB regionunda kişilərin 90%-i və qadınların 88%-i internetdən istifadə edir. Bununla belə, regionumuz kifayət qədər unikaldır. Regionun bir çox ölkələrində kişilərdən daha çox qadın internet istifadəçisi var". GSM Assosiasiyasının marketinq üzrə direktoru Lara Dyuar insanların internet bacarıqlarının artırılmasının vacibliyindən danışıb: "Texnologiyanın sürətli inkişaf etdiyi bir dövrdə bu gün öyrətdiyimiz bacarıqlar bir müddət sonra lazımsız olacaq. Ona görə də çətinliklərin həlli üçün sosial-siyasi iradə olmalıdır. Rəqəmsal xidmətlərin bütün cəmiyyətə yayılması üçün insanlara yardım göstərməliyik. Təxminən 10 il əvvəl biz şəbəkələr qurduq və 95 % dünya əhalisini bir-birinə bağladıq. Amma bununla kifayətlənmədik. Əlaqəliliyin artması ilə texnologiya 5 G-yə qədər sürətlə inkişaf etdi. Biz texnologiya və bacarıqlara investisiya qoymağa davam etməliyik. Avrasiyada 79 milyon insanın hələ də mobil internetə çıxışı yoxdur. Bu problemin həlli üçün dövlət və özəl sektorlar güclərini birləşdirməlidir". Konfransın Rəqəmsal DNT (Digital DNA) mövzusuna həsr olunmuş sessiyasında Azercell prezidentinin baş müşaviri Okan Cimen gələcək nəsillərin inkişaf edən iş bazarına uğurlu adaptasiyası haqqında danışaraq bu mövzunun digər bazar iştirakçıları kimi, Azercell üçün də olduqca önəmli və aktual olduğunu bildirib. Okan bəy şirkətin təkcə 2023-cü il ərzində insan kapitalının inkişafına 1.3 milyon ABŞ dolları sərmayə yatırdığını qeyd edib. Panel müzakirəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Strateji təhlil, innovasiya və rəqəmsallaşma şöbəsinin müdiri Ceyhun Hüseynzadə Azərbaycanda ilk dəfə rəqəmsal bacarıqlar və savadlılığın geniş qiymətləndirilməsinin aparıldığı bildirib: "Qiymətləndirmənin məqsədlərindən biri Azərbaycanın beynəlxalq bençmarklarla, digər ölkələrlə müqayisədə hansı mövqedə olmasını müəyyən etməkdir. Bu, rəqəmsal bacarıqlarla bağlı həyata keçirdiyimiz təhsil layihələrini, proqramlarını daha hədəflənmiş şəkildə dizayn etmək üçün lazım idi. Qiymətləndirmə ümumilikdə 13 iqtisadi rayonda cəmiyyətin 4 kateqoriyası üzrə aparılıb. Birinci kateqoriyaya dövlət sektoru, ikinciyə özəl sektor, üçüncü kateqoriyaya universitetlər, təhsil sektoru, sonuncu kateqoriyaya isə ev təsərrüfatları daxildir. Hazırda Beynəlxalq Telekommunikasiya İttifaqı hesabatın son dizayn işlərini aparır və bir neçə həftə sonra o ictimaiyyətə açıqlanacaq". Qeyd edək ki, bu il konfransa Microsoft, Google, Amazon Web Services, Word Bank, e& International, Beeline, Vodafone Group, Turkcell, East Telecom və digər beynəlxalq şirkətlərin rəhbər heyətindən məruzəçilər qatılıb. İki gün davam edəcək tədbirin növbəti günündə ətraf mühit, sosial və idarəetmə (ESG) prinsipləri, yaşıl texnologiyalar, yeni nəsil şəbəkələr, kibertəhlükəsizlik və digər mövzular haqqında danışılacaq.