Çərşənbə, 22 İyul, 2026
Tarix: 22 Jul 2026 19:37
Azərbaycan media qurumlarının nümayəndələri Qırğızıstana media turu çərçivəsində "Kabar" xəbər agentliyini ziyarət edərək agentliyin fəaliyyəti ilə tanış olublar.
APA-nın Bişkekə ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan media nümayəndələrinə agentliyin redaksiya işi, texniki imkanları nümayiş etdirilib, həmçinin xəbər materiallarının hazırlanması və jurnalistlərin xarici xəbər agentlikləri ilə qarşılıqlı əlaqəsi barədə məlumat verilib.
"Biz tərəfdaş media qurumlarımızı, o cümlədən APA və digər informasiya agentliklərini mütəmadi izləyirik. Saytımızda "Dünya xəbərləri" bölməsi var və burada təkcə qlobal hadisələri deyil, həm də MDB ölkələrində baş verən mühüm prosesləri işıqlandırırıq. Hesab edirəm ki, Azərbaycan jurnalistlərinin agentliyimizə səfəri kimi görüşlər media əməkdaşlığının genişlənməsinə və xalqlar arasında əlaqələrin möhkəmlənməsinə, yəni xalq diplomatiyasına mühüm töhfə verir", – agentliyin ictimaiyyətlə əlaqələr və kommersiya üzrə nümayəndəsi Nayzabek Avanurcian bildirib.
Qeyd edək ki, mətbuat turu proqramı iki ölkənin media icmalarının nümayəndələri arasında peşəkar qarşılıqlı əlaqəni genişləndirməyi, qarşılıqlı etimadı gücləndirməyi, Qırğızıstan və Azərbaycan qardaş xalqları arasında daha da yaxınlaşmada mühüm rol oynayan ictimai diplomatiyanı inkişaf etdirməyi hədəfləyir.
İlqar Xudiyev




Mənbə: apa.az