Cümə, 24 İyul, 2026
Tarix: 24 Jul 2026 19:50
Qırğızıstanda səfərdə olan Azərbaycan jurnalistləri üçün İssık-Kul gölü sahilində yerləşən Qırğızıstan Respublikası Prezidentinin 2 saylı Dövlət Rezidensiyasında ziyafət təşkil olunub.
APA-nın Qırğızıstana ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbirdə Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti nazirinin müavini Salkın Sarnoqoyeva çıxış edərək Azərbaycan nümayəndə heyətini salamlayıb.
O, Azərbaycan və Qırğızıstan arasında media və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdiyini, jurnalistlərin qarşılıqlı səfərlərinin iki qardaş xalq arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini bildirib.
"Bu gün ənənəvi media fəaliyyət formatını dəyişib. İnformasiya məkanında bloqerlər və inflüenserlər kimi yeni oyunçular meydana çıxıb. Bununla yanaşı, dezinformasiya, saxta xəbərlər və informasiya hücumları da artıb. Məhz buna görə media qurumları daha sıx əməkdaşlıq etməli, bu çağırışlara qarşı birlikdə mübarizə aparmalıdır", – deyə Sarnoqoyeva bildirib.
Rəsmi ziyafət bədii proqramla davam edib. Qırğızıstanın tanınmış sənətkarları milli musiqi və rəqs nömrələri ilə çıxış edərək qonaqlara ölkənin zəngin mədəni irsini təqdim ediblər.
Qeyd edək ki, bu mediatur Azərbaycan media nümayəndələrinin Qırğızıstanın turizm, mədəniyyət və informasiya potensialı ilə tanış olması məqsədi daşıyır.
İlqar Xudiyev

Mənbə: apa.az