Çərşənbə, 29 İyul, 2026
Tarix: 29 Jul 2026 11:15
İşğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış Proqramı çərçivəsində Xocavənd rayonunun Güneyxırman və Quzeyxırman kəndlərində bərpa və əsaslı təmir işləri mərhələli şəkildə davam etdirilir.
APA-nın Qarabağ bürosu xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Təranə Quliyeva deyib.
Onun sözlərinə görə, Güneyxırman kəndində ümumilikdə 549 fərdi yaşayış evi mövcuddur. Onlardan 379-u yaşayış üçün yararlıdır. Hazırda 50 ev tam hazır vəziyyətə gətirilib, cari il ərzində isə daha 197 evin istismara verilməsi planlaşdırılır. Kəndə ilk köç iyulun 8-də həyata keçirilib. Həmin gün 18 ailədən ibarət 72 nəfər uzun illərdən sonra doğma kəndinə qayıdaraq evlərinin açarlarını təhvil alıb.
Təranə Quliyeva bildirib ki, Quzeyxırman kəndində ümumilikdə 447 fərdi yaşayış evi mövcuddur. Onlardan 274-ü yaşayış üçün yararlıdır. Hazırda 100 ev istismara tam hazırdır, cari il ərzində isə daha 244 evin istifadəyə verilməsi nəzərdə tutulur. İyulun 8-də həyata keçirilən ilk köç zamanı 21 ailədən ibarət 87 nəfər Quzeyxırman kəndinə qayıdaraq doğma yurdlarında yeni həyata başlayıb.
Xatırladaq ki, iyulun 11-də Prezident İlham Əliyev Quzeyxırman və Güneyxırman kəndlərində görülən işlərlə tanış olub, bərpa olunan fərdi yaşayış evlərinə, yaradılan infrastruktur və sosial obyektlərə baxış keçirib, həmçinin doğma yurdlarına qayıdan sakinlərlə görüşüb.
Elgün Gəncimsoy Xocavənd rayonu Güneyxırman Quzeyxırman



Mənbə: apa.az