Cümə axşamı, 30 İyul, 2026
Tarix: 30 Jul 2026 09:29
Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”ın dəstəyi ilə baş tutan XV Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günü - iyulun 29-da axşam saatlarında açıq səma altında balet qala-konserti keçirilib.
APA xəbər verir ki, məşhur balet ulduzlarının iştirakı ilə keçirilən qala-konserti rəsmi şəxslər, mədəniyyət xadimləri, sənətsevərlər və ictimaiyyət nümayəndələri izləyiblər.
Səhnəyə Azərbaycanın Əməkdar artisti, Mariinski Teatrının aparıcı solisti Timur Əsgərov və həmin teatrın aparıcı solisti Renata Şakirova, Bavariya Dövlət Baletinin solistləri Frederik Stukviş və Janna Qubanova, Rusiyanın Bolşoy Teatrının balet truppasının premyeri Artyom Ovçarenko və birinci solisti Anna Tixomirova, Vyana Dövlət Baletinin solistləri Alessandro Frola və Medison Yanq, Niderland Milli Baletinin solistləri Cessika Xuan və Vsevolod Maievskyi çıxıb.
Təxminən saatyarım davam edən qala-konsertdə dünyaşöhrətli bəstəkarların əsərləri səhnələşdirilib. Tamaşaçılar Lüdviq Minkusun “Don Kixot”, Sergey Prokofyevin “Romeo və Cülyetta”, Adolf Adanın “Jizel” və digər sevilən baletlərdən parçalar izləyib.
Dünyanın tanınmış balet artistlərinin ifasında təqdim olunan qala-konsert izləyicilərə unudulmaz sənət bayramı yaşadıb.
Festivalın növbəti günü tamaşaçılara Vyetnamdan gələn “Bronze drum” Ansamblının ifasında “Vyetnamın milli vokal janrlarına İntroduksiya” proqramı, həmin günün gecəsi isə Özbəkistandan “Daşkənd Zeboları” Xalq Rəqs Ansamblının solistlərinin çıxışları və “Bek” Doyraçılar Ansamblının ifası təqdim olunacaq.
İyulun 31-də Əməkdar artist Emil Əfrasiyabın bədii rəhbərliyi və Mustafa Mehmandarovun dirijorluğu ilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Kamera Orkestrinin konserti olacaq. Konsertdə Xalq artisti Teyyub Aslanov (xanəndə), həmçinin Dəyanət Məmmədov (tenor), Fərid Abdullayev (tar), Gülnaz Talıbova (soprano), Xatirə Hacıyeva (soprano), Müslüm Müslümzadə (xanəndə), Rəvanə Ağamirova (soprano), Samid Xudarlı (tenor), Sara Hüseynova (soprano), Səbinə Əsgərova (soprano), Səməd Novruzov (tenor) Azərbaycan və dünya bəstəkarlarının əsərlərini təqdim edəcəklər.
Həmin günün axşamı isə Qəbələ muğamsevərləri bir araya gətirəcək. Konsertdə Əməkdar artistlər Bəyimxanım Vəliyeva, Təyyar Bayramov, muğam müsabiqəsinin laureatları Mirələm Mirələmov, Kamilə Nəbiyeva çıxış edəcək.
Festivalın 4-cü günü – avqustun 1-də avstriyalı pianoçu Aleksandr Maria Vaqner və Vyetnamda klassik musiqi və piano sənətinin tanınmış simalarından biri olan Luong To Nhu “Kamera musiqi axşamı”nda çıxış edəcəklər.
Həmin gecənin daha bir özəlliyi – “Dünya kinofilmlərindən sevilən musiqi parçaları” adlı konsert proqramıdır. Mustafa Mehmandarovun bədii rəhbərliyi və baş dirijorluğu ilə “Scorrendo” Orkestri “Axırıncı aşırım”, “Yeddi oğul istərəm”, “Xaç atası”, “Görüş”, “Cangüdən“, “Şindlerin siyahısı”, “Ceyms Bond” və digər filmlərdən musiqiləri ifa edəcək.
Avqustun 2-də isə səhnə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası tələbələrinin ixtiyarına veriləcək. Gənc musiqiçilərin təqdim edəcəyi konsertdə Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənəcək.
Həmin gün tamaşaçılar qarşısında Yuri Bivolun baş baletmeysteri olduğu Moldovanın “Fluieraș” Xalq Mahnı və Rəqs Ansamblı və Moldovanın “Millenium” etnoestrada qrupu da çıxış edəcək.
Beynəlxalq Musiqi Festivalına avqustun 3-də Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti ilə yekun vurulacaq. Konsertdə Xalq artistləri Azər Zeynalov (tenor), Samir Cəfərov (tenor), Əməkdar artist Elnarə Məmmədova (soprano), həmçinin Lalə Mürşüdlü (soprano) çıxış edəcək.
2009-cu ildən keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı illərdir dünya musiqisinin müxtəlif simalarını bir məkanda toplayaraq beynəlxalq mədəni dialoqun önəmli ünvanına çevrilib. Bu musiqi platforması təkcə klassik əsərlərin təntənəsi deyil, eyni zamanda xalqları birləşdirən, sərhədləri aşan, musiqi ilə dolu unudulmaz anlarla yadda qalan mədəniyyətlərarası körpüdür.
Festival yay fəsli ilə yanaşı, artıq iki ildir ki, qış mövsümündə də “Qış nağılı” adı ilə təşkil edilir.
XV Qəbələ Beynəlxalq Musiqi Festivalı balet qala-konsert



























Mənbə: apa.az