Cümə, 31 İyul, 2026
Tarix: 31 Jul 2026 14:07
Azərbaycanın Mərkəzi Asiya istiqamətində həyata keçirdiyi xarici siyasət son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın dərinləşməsi, Orta Dəhlizin geoiqtisadi əhəmiyyətinin artması və qlobal geosiyasi proseslər fonunda Bakı ilə Bişkek arasında əməkdaşlıq da strateji xarakter qazanır. Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri zamanı imzalanan müttəfiqlik sənədləri iki ölkə münasibətlərinin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməklə yanaşı, Türk dünyasında siyasi həmrəyliyin möhkəmlənməsi, regional təhlükəsizlik, nəqliyyat, iqtisadi əməkdaşlıq və qarşılıqlı investisiyalar baxımından da yeni imkanlar formalaşdırır.
Azərbaycanın millət vəkili, Azərbaycan–Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Müşfiq Cəfərov APA-ya açıqlamasında bildirib ki, Azərbaycanın xarici siyasətində Türk dünyasının institusional inteqrasiyasının dərinləşdirilməsi istiqamətində həyata keçirilən ardıcıl strategiya artıq konkret geosiyasi nəticələr verməkdədir.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri çərçivəsində keçirilən Azərbaycan–Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclasında qəbul edilən qərarlar iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni – müttəfiqlik mərhələsinə yüksəldiyini təsdiqləməklə yanaşı, Türk dünyasında formalaşan yeni siyasi əməkdaşlıq modelinin də mühüm elementinə çevrilib:“Bu addım yalnız ikitərəfli əlaqələrin inkişafı deyil, eyni zamanda türk dövlətləri arasında strateji koordinasiyanın, regional təhlükəsizlik əməkdaşlığının və ortaq geosiyasi baxışın möhkəmləndirilməsi istiqamətində atılmış mühüm siyasi qərar kimi qiymətləndirilə bilər.”
Deputat qeyd edib ki, Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi Cənubi Qafqaz ilə Mərkəzi Asiya arasında siyasi və geoiqtisadi əməkdaşlığın institusional əsaslarını daha da möhkəmləndirir.
Onun fikrincə, bu tərəfdaşlıq modeli yalnız iki dövlət arasındakı münasibətləri əhatə etmir, eyni zamanda Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq siyasi mövqelərin formalaşmasına, xarici siyasətin koordinasiyasına, regional sabitliyin möhkəmləndirilməsinə və çoxtərəfli diplomatik əməkdaşlığın genişlənməsinə xidmət edir: “Müasir beynəlxalq münasibətlər sistemində regional güc mərkəzlərinin rolunun artdığı bir dövrdə Bakı ilə Bişkek arasında müttəfiqlik münasibətlərinin qurulması türk dövlətlərinin beynəlxalq proseslərdə daha koordinasiyalı və təsirli siyasi aktor kimi çıxış etməsi baxımından mühüm strateji əhəmiyyət daşıyır.”
Müşfiq Cəfərov vurğulayıb ki, imzalanan sənədlər təkcə siyasi əməkdaşlığın dərinləşməsini deyil, həm də iqtisadi, nəqliyyat-logistika və kommunikasiya sahələrində uzunmüddətli strateji tərəfdaşlığın əsaslarını formalaşdırır.
Deputatın sözlərinə görə, söhbət yalnız iki ölkə arasında əməkdaşlığın genişlənməsindən getmir. Bu sənədlər Orta Dəhlizin inkişafı, Xəzər hövzəsindən Mərkəzi Asiyaya uzanan nəqliyyat marşrutlarının daha səmərəli əlaqələndirilməsi, ticarət dövriyyəsinin artırılması və investisiya layihələrinin genişləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır: “Azərbaycanın son illərdə həyata keçirdiyi enerji və nəqliyyat layihələri, eləcə də perspektivdə nəzərdə tutulan yeni regional dəhlizlər ölkənin geostrateji mövqeyini daha da gücləndirir, onun Avropa ilə Asiya arasında əsas tranzit və logistika mərkəzlərindən biri kimi rolunu möhkəmləndirir. Bu baxımdan Qırğızıstanla əməkdaşlığın yeni mərhələyə keçməsi Türk dünyasının vahid iqtisadi məkan kimi formalaşmasına da ciddi töhfə verir.”
Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri və bu çərçivədə qəbul olunan qərarlar həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq baxımından mühüm geosiyasi məzmun daşıyır.
Onun sözlərinə görə, səfər bir daha nümayiş etdirdi ki, Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya proseslərinin təşviqində aparıcı rol oynayan ölkələrdən biridir: “İki dövlət arasında siyasi dialoqun institusional əsasda inkişaf etdirilməsi, hökumətlərarası koordinasiyanın gücləndirilməsi və ortaq layihələrin genişləndirilməsi gələcəkdə regional əməkdaşlığın daha dayanıqlı xarakter almasına xidmət edəcək. Eyni zamanda, bu qərarlar türk dövlətlərinin qlobal geosiyasi proseslər fonunda vahid mövqedən çıxış etməsi üçün siyasi platformanın möhkəmləndirilməsi baxımından da xüsusi əhəmiyyət kəsb edir.”
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Qırğızıstana səfəri Türk dünyasının birliyinin artıq yalnız ortaq tarix, dil və mədəni irs anlayışı ilə məhdudlaşmadığını da nümayiş etdirib: “Bu birlik artıq konkret siyasi qərarlarda, qarşılıqlı dəstək mexanizmlərində, iqtisadi inteqrasiya layihələrində, nəqliyyat-kommunikasiya şəbəkələrinin inkişafında və beynəlxalq platformalarda koordinasiya olunmuş fəaliyyətlərdə öz real ifadəsini tapır. Türk dövlətləri arasında münasibətlər getdikcə daha çox ortaq strateji maraqlar, qarşılıqlı etimad və uzunmüddətli geosiyasi hədəflər üzərində qurulur. Bu baxımdan Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi Türk dünyasının institusional inkişafı prosesində mühüm mərhələlərdən biri kimi qiymətləndirilə bilər.”
Müşfiq Cəfərov sonda vurğulayıb ki, Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri Azərbaycanın Türk dünyasında artan siyasi nüfuzunun, təşəbbüskar rolunun və strateji mövqeyinin növbəti təsdiqidir.
"“Bu səfər göstərdi ki, Azərbaycan təkcə Cənubi Qafqazın aparıcı dövləti kimi deyil, həm də Türk dünyasının siyasi inteqrasiyasına, geoiqtisadi əməkdaşlığın genişlənməsinə və regional təhlükəsizlik arxitekturasının formalaşmasına töhfə verən əsas aktorlardan biri kimi çıxış edir. Azərbaycan–Qırğızıstan müttəfiqliyinin rəsmiləşdirilməsi isə yalnız ikitərəfli münasibətlərin yeni mərhələyə yüksəlməsi deyil, eyni zamanda Türk Dövlətləri Təşkilatının gələcək inkişaf perspektivləri, Orta Dəhlizin geosiyasi əhəmiyyəti və Avrasiya məkanında yeni əməkdaşlıq modelinin formalaşması baxımından strateji əhəmiyyət daşıyan siyasi hadisə kimi qiymətləndirilməlidir. Bu proses gələcəkdə türk dövlətlərinin beynəlxalq münasibətlər sistemində daha koordinasiyalı, daha təsirli və vahid siyasi mövqedən çıxış etməsi üçün mühüm zəmin formalaşdırır,” deyə Müşfiq Cəfərov fikrini yekunlaşdırıb.
Faiq Mahmudov Azərbaycan Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır JaparovMənbə: apa.az