Cümə, 31 İyul, 2026
Tarix: 31 Jul 2026 17:10
Qlobal geosiyasi rəqabətin dərinləşdiyi, nəqliyyat dəhlizləri, enerji təhlükəsizliyi və regional inteqrasiya uğrunda mübarizənin yeni mərhələyə keçdiyi bir dövrdə Mərkəzi Asiya ilə Azərbaycan arasında əməkdaşlıq da strateji xarakter qazanır. Çolpon-Ata şəhərində keçirilən Mərkəzi Asiya dövlətləri və Azərbaycan Respublikasının dövlət başçılarının növbəti Məşvərət Görüşünün yekununda qəbul edilən Çolpon-Ata Bəyannaməsi bu baxımdan son illərin ən mühüm regional siyasi sənədlərindən biri hesab olunur.
İlk dəfə olaraq Mərkəzi Asiyanın beş dövləti və Azərbaycan ortaq siyasi baxışı, təhlükəsizlik prioritetlərini və gələcək əməkdaşlığın əsas istiqamətlərini vahid sənəddə təsbit etməklə münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini nümayiş etdirdilər. Bəyannamə təkcə diplomatik sənəd deyil, eyni zamanda Avrasiyada formalaşan yeni geosiyasi əməkdaşlıq modelinin siyasi konturlarını müəyyən edən strateji yol xəritəsi kimi çıxış edir.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, politoloq Zaur Məmmədov APA-ya bildirib ki, Çolpon-Ata Bəyannaməsi Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini təsdiqləyən strateji siyasi sənəddir.
Onun sözlərinə görə, sənədin əsas mahiyyəti indiyədək əsasən ikitərəfli formatda inkişaf edən əməkdaşlığın ilk dəfə çoxtərəfli strateji koordinasiya modelinə transformasiya olunmasındadır: "Çolpon-Ata Bəyannaməsi çox mühüm siyasi sənəddir. Əsas məqam ondan ibarətdir ki, Mərkəzi Asiya dövlətləri və Azərbaycan bundan sonra siyasi, iqtisadi, təhlükəsizlik, nəqliyyat-kommunikasiya, enerji, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığı vahid strateji yanaşma əsasında davam etdirmək barədə ortaq iradə nümayiş etdirirlər. İndiyədək dövlətlər arasında mövcud olan müttəfiqlik münasibətləri əsasən ikitərəfli sənədlərlə tənzimlənirdisə, artıq bu əməkdaşlıq çoxtərəfli müstəviyə keçir və region ölkələri öz ümumi maraqlarını vahid siyasi platformada ifadə edirlər. Bu isə Avrasiyanın geosiyasi xəritəsində yeni əməkdaşlıq modelinin formalaşdığını göstərir."
Politoloq qeyd edib ki, bəyannamənin ən mühüm siyasi istiqamətlərindən biri beynəlxalq hüququn fundamental prinsiplərinə kollektiv şəkildə sadiqliyin bir daha təsdiqlənməsidir: "Sənəddə dövlətlərin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı və daxili işlərinə qarışmamaq prinsiplərinə xüsusi yer ayrılır. Müasir beynəlxalq münasibətlər sistemində bu prinsiplərin tez-tez selektiv şəkildə tətbiq edildiyi, ikili standartların hökm sürdüyü şəraitdə Mərkəzi Asiya dövlətləri ilə Azərbaycanın belə vahid mövqe nümayiş etdirməsi xüsusi geosiyasi əhəmiyyət daşıyır. Bu prinsiplər yalnız beynəlxalq hüququn norma və qaydalarının təsdiqi deyil, eyni zamanda region daxilində strateji etimadın və qarşılıqlı təhlükəsizlik mühitinin siyasi əsaslarının möhkəmləndirilməsi deməkdir."
Ekspert bildirib ki, Azərbaycan üçün bu müddəaların siyasi çəkisi daha böyükdür.
Onun sözlərinə görə, ölkənin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra həmin prinsiplərin regional siyasi sənədlərdə ardıcıl şəkildə əks olunması Bakının xarici siyasət kursunun dəstəkləndiyini göstərir: "Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildikdən sonra beynəlxalq hüququn əsas prinsiplərinin regional əməkdaşlıq sənədlərində təsbit olunması ölkəmizin həyata keçirdiyi xarici siyasətin mühüm nəticəsidir. Bu, region dövlətlərinin bir-birinin suverenliyinə hörmət edən, sərhədlərin toxunulmazlığını qəbul edən və münasibətlərini qarşılıqlı etimad əsasında quran yeni siyasi yanaşmanı dəstəklədiyini göstərir. Bu baxımdan Çolpon-Ata Bəyannaməsi regional əməkdaşlığın gələcək inkişafı üçün ciddi siyasi baza formalaşdırır."
Zaur Məmmədovun sözlərinə görə, bəyannamə Mərkəzi Asiya Məşvərət Görüşü formatını və Türk Dövlətləri Təşkilatının inteqrasiya proseslərini də yeni mərhələyə çıxarır.
"Artıq söhbət yalnız ortaq tarix, mədəniyyət və dil faktorundan getmir. Bu platformalar iqtisadiyyat, enerji, nəqliyyat, logistika, təhlükəsizlik və geosiyasi koordinasiya baxımından çoxşaxəli əməkdaşlıq mexanizmlərinə çevrilir. Mərkəzi Asiya ilə Azərbaycan arasında formalaşan bu əməkdaşlıq modeli gələcəkdə Avrasiyanın siyasi və iqtisadi xəritəsinə ciddi təsir göstərəcək," deyə o, bildirib.
Politoloq vurğulayıb ki, Azərbaycanın bu prosesdə rolu xüsusi əhəmiyyət daşıyır: "Azərbaycan Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən əsas geostrateji mərkəzlərdən biridir. Orta Dəhlizin inkişafı, Xəzər üzərindən yükdaşımaların artması, logistika və enerji layihələrinin genişlənməsi Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı strateji zərurətə çevirib. Çolpon-Ata Bəyannaməsi bu geoiqtisadi reallığın siyasi ifadəsidir və Azərbaycanın Avrasiyanın əsas bağlantı mərkəzlərindən biri kimi rolunu daha da gücləndirir."
Ekspert hesab edir ki, sənəddə təhlükəsizlik məsələlərinin xüsusi yer tutması da təsadüfi deyil: "Bugünkü geosiyasi reallıqlar göstərir ki, terrorizm, ekstremizm, transmilli cinayətkarlıq, kibertəhlükələr və xarici təsir cəhdləri artıq ayrıca dövlətlərin deyil, bütövlükdə regionun təhlükəsizliyinə yönəlmiş təhdidlərdir. Məhz buna görə də bəyannamədə təhlükəsizliyə təhdid yaradan çağırışlara qarşı koordinasiyalı fəaliyyətin və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi xüsusi vurğulanır. Region ölkələri anlayırlar ki, bir dövlətə qarşı yaranan təhlükə bütövlükdə regional sabitliyə təsir göstərir və buna qarşı kollektiv yanaşma formalaşdırılmalıdır."
Zaur Məmmədovun fikrincə, Çolpon-Ata Bəyannaməsinin ən mühüm geosiyasi nəticəsi Avrasiyanın mərkəzində yeni siyasi əməkdaşlıq oxunun formalaşmasının rəsmiləşdirilməsidir.
"Bu gün artıq Avrasiyanın orta xəttində Mərkəzi Asiya–Azərbaycan geosiyasi xətti yaranır. Bu platforma hansısa dövlətə və ya güc mərkəzinə qarşı yönəlməyib. Əksinə, onun məqsədi regional sabitliyi möhkəmləndirmək, iqtisadi inteqrasiyanı sürətləndirmək, nəqliyyat və enerji layihələrini inkişaf etdirmək, beynəlxalq hüquqa əsaslanan əməkdaşlığı gücləndirməkdir. Region dəyişir, dövlətlər yeni xarici siyasət modelinə keçir və Çolpon-Ata Bəyannaməsi də məhz bu yeni geosiyasi reallığın siyasi manifesti kimi qiymətləndirilməlidir," deyə politoloq Zaur Məmmədov fikrini yekunlaşdırıb.
Faiq Mahmudov Çolpon-Ata Bəyannaməsi Mərkəzi Asiya Azərbaycan strateji ittifaqMənbə: apa.az