Şənbə, 1 Avqust, 2026
Tarix: 31 Jul 2026 22:01
Azərbaycanın Mərkəzi Asiya istiqamətində həyata keçirdiyi xarici siyasət son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın dərinləşməsi, Orta Dəhlizin geostrateji əhəmiyyətinin artması və qlobal geosiyasi proseslər fonunda Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər də yeni məzmun qazanır. Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri zamanı qəbul edilən qərarlar və imzalanan sənədlər iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq çərçivəsindən çıxaraq müttəfiqlik mərhələsinə yüksəldiyini göstərən mühüm siyasi hadisə kimi qiymətləndirilir. Bu baxımdan səfər yalnız ikitərəfli əlaqələrin inkişafı deyil, eyni zamanda Türk dünyasında siyasi, iqtisadi və humanitar inteqrasiyanın dərinləşdirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan–Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azər Allahverənov APA-ya açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri Azərbaycan–Qırğızıstan münasibətlərinin strateji tərəfdaşlıqdan müttəfiqlik mərhələsinə keçidini rəsmiləşdirən mühüm geosiyasi hadisədir.
Deputatın sözlərinə görə, səfər çərçivəsində iki qardaş respublika arasında əlaqələrin ən yüksək səviyyəyə çatdırılması istiqamətində birgə səylərin həyata keçirildiyi, eyni zamanda münasibətlərin yeni mərhələyə yüksəldilməsi ilə bağlı mühüm siyasi iradənin nümayiş etdirildiyi aydın görünür.
"Bu baxımdan tam əminliklə deyə bilərik ki, Azərbaycan–Qırğızıstan münasibətləri yeni mərhələyə daxil olur. Strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə keçid artıq açıq şəkildə özünü göstərir və nəticə etibarilə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri müttəfiqlik səviyyəsində qərarlaşır. Bu isə ilk növbədə iqtisadiyyat, ticarət, nəqliyyat, energetika, kənd təsərrüfatı, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət edən konkret fəaliyyətlərdə öz əksini tapır", – deyə deputat bildirib.
Azər Allahverənov qeyd edib ki, Azərbaycan və Qırğız xalqları arasında tarixən mövcud olan dərin bağlılıq, ortaq türk kimliyi, ümumi tarix, dil və mədəniyyət iki ölkə arasında münasibətlərin inkişafı üçün möhkəm təməl formalaşdırır. Onun sözlərinə görə, məhz bu fundament strateji tərəfdaşlığın ən yüksək səviyyədə qurulmasını mümkün edir. Deputat bildirib ki, son illərdə iki dövlət arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyətlər dost və qardaş ölkələri daha da yaxınlaşdırıb və artıq bu tərəfdaşlıq müxtəlif institusional mexanizmlər vasitəsilə sistemli şəkildə inkişaf etdirilir.
"Azərbaycan Respublikası və Qırğız Respublikası Dövlətlərarası Şurasının artıq üçüncü iclasının keçirilməsi, siyasi dialoqun daha yüksək səviyyəyə qaldırılması, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün konkret yol xəritəsinin müəyyənləşdirilməsi, humanitar əməkdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdirilməsi kimi mühüm razılaşmalar bu münasibətlərin institusional əsaslarını daha da möhkəmləndirib. Dövlətlərarası Şuranın fəaliyyəti və digər dövlət qurumları arasında formalaşan intensiv təmaslar göstərir ki, münasibətlər artıq həqiqətən də müttəfiqlik səviyyəsinə yüksəlib və bunun real nəticələri görünməkdədir", – deyə o vurğulayıb.
Deputat bildirib ki, burada ən vacib məsələlərdən biri siyasi dialoqun strateji tərəfdaşlıqla uzlaşdırılması və hər iki ölkənin malik olduğu iqtisadi potensialdan səmərəli istifadə üçün əlverişli şəraitin yaradılmasıdır.
"Hazırda enerji layihələrinin həyata keçirilməsi və nəqliyyat-logistika infrastrukturunun inkişafı prioritet istiqamətlərdən biridir. Xüsusilə Orta Dəhliz vasitəsilə Çindən Avropaya daşınan beynəlxalq yüklərin Qırğızıstan, Özbəkistan, Qazaxıstan və Azərbaycan ərazisindən keçərək Avropaya çatdırılması bu əməkdaşlığın strateji əhəmiyyətini artırır. Bu proses beynəlxalq münasibətlər sisteminin iki mühüm elementi olan enerji təhlükəsizliyi və nəqliyyat-logistika layihələrinin uğurla reallaşdırıldığını göstərir. Qazaxıstanın da bu prosesdə iştirakı tərəfdaşlığın hansı səviyyədə formalaşdığını göstərən mühüm indikatorlardan biridir", – deyə Azər Allahverənov qeyd edib.
O, həmçinin vurğulayıb ki, ticarət dövriyyəsinin artırılması üçün geniş potensial mövcuddur.
"Gələcəkdə Azərbaycan və Qırğızıstan arasında ticarət dövriyyəsi, eləcə də qarşılıqlı investisiya siyasəti daha da genişlənəcək və bu, iqtisadi əməkdaşlığın dərinləşməsi üçün əlverişli şərait yaradacaq. Azərbaycan–Qırğız İnkişaf Fondunun nizamnamə kapitalının 200 milyon dollara çatdırılması hər iki ölkənin iqtisadiyyatının müxtəlif sektorlarında yeni imkanlar formalaşdırır və iqtisadi siyasətin daha yüksək səviyyədə həyata keçirilməsi üçün möhkəm zəmin yaradır", – deyə deputat bildirib.
Azər Allahverənov diqqətə çatdırıb ki, iki ölkə arasında artıq 100-dən çox sənəd imzalanıb və bu sənədlər çoxsaylı sahələri əhatə edir. Onun sözlərinə görə, bu əməkdaşlıq çərçivəsində xüsusi əhəmiyyət kəsb edən istiqamətlərdən biri humanitar sahədir.
"Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma prosesində Qırğızıstanın və qırğız xalqının fəal iştirakı yüksək qiymətləndirilir. Bu isə humanitar əməkdaşlığın davamlı xarakter aldığını və münasibətlərin yalnız siyasi və iqtisadi deyil, həm də mənəvi əsaslar üzərində inkişaf etdiyini göstərir", – deyə o bildirib.
Deputatın sözlərinə görə, Ağdam rayonunun Xıdırlı kəndində inşa edilən "Ayköl Manas" tam orta məktəbi bu əməkdaşlığın ən parlaq nümunələrindən biridir.
"Məktəbin tikintisində qırğız xalqının töhfəsi, qırğız şirkətlərinin fəal iştirakı və Qırğızıstan hökumətinin göstərdiyi dəstək böyük əhəmiyyət daşıyır. Bu layihə humanitar əməkdaşlıq çərçivəsində həyata keçirilən adi infrastruktur layihəsi deyil, eyni zamanda iki qardaş xalq arasında yüksək siyasi etimadın, həmrəyliyin və dostluğun rəmzidir. Münasibətlərin məhz belə möhkəm təməllər üzərində inkişaf etdirilməsi, dövlətlərin beynəlxalq platformalarda bir-birini ardıcıl şəkildə dəstəkləməsi böyük nailiyyət kimi qiymətləndirilməlidir və bu, xalqları daha da yaxınlaşdırır", – deyə Azər Allahverənov vurğulayıb.
O əlavə edib ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafı da xüsusi diqqət tələb edən istiqamətlərdəndir.
"İctimai diplomatiya sahəsində də mühüm nəticələr əldə olunur və Azərbaycan ilə Qırğızıstan cəmiyyətləri arasında əlaqələr daha da genişlənir. Cari ildə Bakıda keçirilən Azərbaycan–Qırğızıstan cəmiyyətlərinin Birinci Əməkdaşlıq Forumu da bu istiqamətdə atılmış mühüm addımlardan biridir. Bu proses iki dövlətin dostluq və qardaşlıq münasibətlərini beynəlxalq platformalarda daha da gücləndirməsinə, yeni strateji hədəflərin müəyyənləşdirilməsinə, Türk dünyasının inteqrasiyasının dərinləşməsinə, iqtisadi əməkdaşlığın genişlənməsinə, regional sabitliyin və dayanıqlı inkişafın möhkəmləndirilməsinə xidmət edən yeni strateji tərəfdaşlıq modelinin formalaşmasına töhfə verir", – deyə deputat bildirib.
Azər Allahverənov sonda qeyd edib ki, həm ikitərəfli münasibətlərdə, həm də müxtəlif beynəlxalq platformalarda, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən birgə fəaliyyət Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin ən yüksək səviyyəyə yüksəldiyini təsdiqləyir.
"Bu əməkdaşlıq bütövlükdə Türk dünyasında həmrəyliyin möhkəmlənməsinə, əməkdaşlığın daha da genişlənməsinə və Avrasiya məkanında müxtəlif regionları birləşdirən inteqrasiya layihələrinin uğurla həyata keçirilməsi üçün əlverişli zəmin yaradır. Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri geosiyasi mahiyyəti, geoiqtisadi əhəmiyyəti və regional əməkdaşlığın yeni mərhələdə təşviqi baxımından olduqca mühüm və strateji əhəmiyyət daşıyan səfərlərdən biri kimi tarixə düşəcək", – deyə deputat fikrini tamamlayıb.
Faiq Mahmudov Azərbaycan–Qırğızıstan münasibətləri Prezident İlham Əliyev Qırğızıstana dövlət səfəri müttəfiqlik Türk Dövlətləri Təşkilatı Orta Dəhliz Azər Allahverənov Azərbaycan–Qırğız İnkişaf Fondu Azərbaycan–Qırğızıstan Dövlətlərarası Şurası Türk dünyası inteqrasiyasıMənbə: apa.az